Avqustun 17- də 113 saylı Qax-Şəki seçki dairəsindən VII çağırış Milli Məclisin deputatlığına namizəd Əli Məsimli seçkiqabağı təbliğat-təşviqat kompaniyası çərçivəsində Şəki rayonunun I Biləcik, II Biləcik və Baqqal kəndlərində yaşayan seçicilərlə görüş keçirib.
Modern.az xəbər verir ki, Əli Məsimlinin hər bir görüşündə olduğu kimi, bu görüşlərdə də əvvəlcə Dövlət Himni səsləndirildi, Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Əli Məsimli platforması barədə məlumat verdi. Təhsil məsələlərinə toxunarkən o, bildirdi ki, təhsil xərcləri ildən-ilə artsa da hələlik bu sahəyə ayrılan vəsaitin xeyli hissəsi əməyin ödənişinə sərf olunur, qalan hissə isə təhsilin maddi-texniki bazasının müasir tələblər səviyyəsində qurmağa imkan vermir. Ona görə də iki istiqamətdə tədbirlərin görülməsini vacib hesab etdiyini qeyd etdi. Birincisi, müəllimlərin əmək haqqı ölkə üzrə orta əmək haqqından azdır. Ona görə də təhsil sahəsində çalışanların əmək haqlarının ölkə üzrə orta əmək haqqına çatdırılması, daha sonra isə həmin səviyyədən yüksək səviyyəyə qaldırılması istiqamətində real nəticəsi olan təsirli tədbirlər həyata keçirilməlidir. İkincisi isə, elə normativlər tətbiq etmək lazımdır ki, təhsilə ayrılan vəsaitin əməyin ödənilməsindən əlavə qalan hissəsi təhsilin maddi-texniki bazasını müasir tələblərə cavab verən səviyyyəyə çatdırmağa imkan versin.
Görüşlərdə iştirakçılar çıxışlarında yaşadıqları kəndlərdə mövcud olan problemləri səsləndirdilər və onların həllinin sürətləndirilməsinin vacibliyini vurğuladılar.
