Bakı. Trend:
Azərbaycanda külək və günəş elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2030-cu ildə 4 milyard 408,6 milyon kilovat-saat təşkil edəcəyi proqnozlaşdırılır. Bu, 2027-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 399,3 milyon kilovat-saat və ya təxminən 46,5 faiz çoxdur.
Bu barədə 2027-ci ilin büdcə zərfinin layihəsində əksini tapan ortamüddətli makroiqtisadi proqnozlarda bildirilib.
Sənədə əsasən, qarşıdakı illərdə Azərbaycanda energetika sektorunda yaşıl keçidin sürətləndirilməsi, bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artırılması, yeni generasiya güclərinin yaradılması və elektrik şəbəkəsi infrastrukturunun müasir standartlara uyğunlaşdırılması nəzərdə tutulur.
Proqnozlara görə, külək və günəş elektrik stansiyalarında istehsal ediləcək elektrik enerjisinin həcmi 2027-ci ildə 3 milyard 9,3 milyon kilovat-saat olacaq. 2028-ci ildə bu göstəricinin 4 milyard 384,6 milyon kilovat-saata yüksələcəyi, 2029-cu ildə 4 milyard 414,3 milyon kilovat-saat, 2030-cu ildə isə 4 milyard 408,6 milyon kilovat-saat təşkil edəcəyi gözlənilir.
Beləliklə, külək və günəş enerjisi istehsalında əsas artımın 2028-ci ildə qeydə alınacağı, sonrakı illərdə isə istehsal həcminin 4,4 milyard kilovat-saat ətrafında sabitləşəcəyi proqnozlaşdırılır.
İstilik elektrik stansiyalarında istehsal da artacaq
Büdcə zərfinin layihəsində ənənəvi generasiya mənbələri üzrə də göstəricilər açıqlanıb.
Belə ki, istilik elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin həcminin 2027-ci ildə 21 milyard 957,6 milyon kilovat-saat olacağı proqnozlaşdırılır.
2028-ci ildə bu göstəricinin 22 milyard 209,6 milyon kilovat-saata, 2029-cu ildə 23 milyard 188,7 milyon kilovat-saata, 2030-cu ildə isə 24 milyard 283,5 milyon kilovat-saata çatacağı gözlənilir.
Beləliklə, 2030-cu ildə istilik elektrik stansiyalarında elektrik enerjisi istehsalının 2027-ci illə müqayisədə 2 milyard 325,9 milyon kilovat-saat və ya təxminən 10,6 faiz artacağı nəzərdə tutulur.
Eyni zamanda, istilik elektrik stansiyalarında istifadə olunan qazın həcminin azalacağı proqnozlaşdırılır. Belə ki, bu məqsədlə qaz istehlakının 2027-ci ildə 2 milyard 411,6 milyon kubmetr, 2028-ci ildə 2 milyard 83,6 milyon kubmetr, 2029-cu ildə 1 milyard 845 milyon kubmetr, 2030-cu ildə isə 1 milyard 572,8 milyon kubmetr olacağı gözlənilir.
Beləliklə, 2027–2030-cu illərdə istilik elektrik stansiyalarında istifadə edilən qazın həcminin 838,8 milyon kubmetr və ya təxminən 34,8 faiz azalacağı proqnozlaşdırılır.
"Yaşıl enerji" ixracı genişləndiriləcək
Layihədə vurğulanır ki, energetika sektorunda yaşıl keçidin sürətləndirilməsi çərçivəsində bərpa olunan enerji mənbələrinin elektrik enerjisi istehsalında payının artırılması, yeni generasiya güclərinin yaradılması və şəbəkə infrastrukturunun müasirləşdirilməsi əsas istiqamətlər olacaq.
Bununla yanaşı, "yaşıl enerji" zonaları və dəhlizlərinin yaradılması, Azərbaycanın bərpa olunan enerji resurslarının beynəlxalq bazarlara ixracının genişləndirilməsi nəzərdə tutulur.