Bakı. Trend:
AZCON Holding şirkətlərindən olan Milli Süni İntellekt Mərkəzi (MSİM) ABŞ-nin “State University of New York at Buffalo” Universitetinin “School of Management” məktəbi ilə əməkdaşlıq çərçivəsində dövlət və özəl sektorun rəhbər və mütəxəssislərini ikigünlük beynəlxalq praktiki təlim proqramında bir araya gətirib.
Proqram Azərbaycan Respublikası Prezidentinin 19 mart 2025-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün süni intellekt Strategiyası”nın icrası çərçivəsində həyata keçirilib.
31 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Bakıda baş tutan proqramda banklar, dövlət qurumları, özəl şirkətlər və holdinqlər, eləcə də dövlət müəssisələrini təmsil edən 180-dən çox rəhbər və mütəxəssis iştirak edib.
“State University of New York at Buffalo” Universitetinin “School of Management” məktəbinin dekanı və professoru Ananth Iyerin rəhbərlik etdiyi akademik nümayəndə heyətinin iştirakı ilə təlimlər real biznes nümunələri, interaktiv sessiyalar və praktiki tapşırıqlar üzərində qurulub. -
Təşəbbüsün əsas məqsədi beynəlxalq akademik təcrübənin yerli təşkilatlara ötürülməsi, rəhbər və mütəxəssislərin süni intellekt üzrə praktiki bacarıqlarının inkişaf etdirilməsi və bu texnologiyaların dövlət və özəl sektorda tətbiqi imkanlarının genişləndirilməsi olub.
Proqram maliyyə və mühasibatlıq, təchizat zəncirinin idarə edilməsi və biznes analitikası sahələrində süni intellektin praktiki tətbiqini əhatə edib. Əsas diqqət əməliyyat səmərəliliyinin artırılmasına, biznes proseslərinin optimallaşdırılmasına və məlumatlara əsaslanan strateji qərarvermənin gücləndirilməsinə yönəlib.
İkigünlük proqramın yekununda iştirakçılar süni intellekt alətlərinin real iş ssenarilərində istifadəsi üzrə praktiki təcrübə qazanıb, müxtəlif sektorların nümayəndələri ilə bilik və təcrübə mübadiləsi aparıblar. Təlimlər iştirakçıların əldə etdikləri bilikləri öz təşkilatlarının fəaliyyətində tətbiq etmələri üçün praktiki bacarıqlarının gücləndirilməsinə xidmət edib.
Milli Süni İntellekt Mərkəzinin baş direktoru Tuncay Bağırov təşəbbüsün strateji əhəmiyyətini belə dəyərləndirib:
“Süni intellektin yaratdığı imkanlardan maksimum faydalanmaq təşkilatların bu texnologiyaları idarəetmə və qərarvermə proseslərinə səmərəli inteqrasiya etmək bacarığı ilə birbaşa bağlıdır. MSİM olaraq təşkilatların bu istiqamətdə potensialının gücləndirilməsini ölkəmizdə süni intellektin sistemli, effektiv və dayanıqlı tətbiqinin əsas hərəkətverici qüvvələrindən biri kimi görürük”.
Qeyd edək ki, Milli Süni İntellekt Mərkəzi bu istiqamətdə həyata keçirdiyi təşəbbüslərlə Azərbaycanda süni intellekt üzrə insan kapitalının inkişafına, beynəlxalq bilik və təcrübənin yerli ekosistemə ötürülməsinə, dövlət və özəl sektorda süni intellekt texnologiyalarının mənimsənilməsinə və ölkənin rəqəmsal transformasiyasının sürətləndirilməsinə töhfə verməyi hədəfləyir.









