Bakı. Trend:
Bu ilin iyul və oktyabr çağırışları dövründə hərbi xidmətdən boyun qaçırma ilə bağlı 5 fakt üzrə cinayət işi başlanıb.
Bu barədə Azərbaycan Respublikasının Hərbi Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cinayət işləri Gəncə şəhər idarəsində, İmişli rayon şöbəsində, Qobustan və Şuşa rayon bölmələrində hərbi qeydiyyatda olan çağırışçılar barəsində Cinayət Məcəlləsinin 321.1-ci maddəsi ilə başlanıb. Hazırda istintaq aparılır.
Məlumata görə, çağırış yaşında olan bəzi vətəndaşlar müxtəlif xəstəlikləri, o cümlədən özlərinə xəsarət yetirərək psixi və nevrotik pozuntuları simulyasiya etməklə, həmçinin tibbi göstəriş olmadan cərrahi əməliyyatlar etdirməklə həqiqi hərbi xidmətdən boyun qaçırmağa cəhd göstərirlər.
Hərbi Prokurorluq xatırladıb ki, Vətənin müdafiəsi hər bir vətəndaşın konstitusion borcudur. Üzrlü səbəblər olmadan tibbi müayinəyə, müddətli həqiqi hərbi xidmətə, toplanışlara və səfərbərlik üzrə hərbi xidmətə çağırış üzrə gəlməmək cinayət məsuliyyətinə səbəb olur.