Bakı.Trend:
Çin Xarici İşlər Nazirliyi ölkənin “kosmosun idarə olunması” ilə bağlı rəsmi mövqeyini əks etdirən sənəd dərc edib. Sənəddə Pekinin kosmosda silah yerləşdirilməsinə və silahlanma yarışına qəti şəkildə qarşı çıxdığı vurğulanır.
Bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Çin kosmosun hərbiləşdirilməsindən imtina etməyə və ondan “digər ölkələrin suverenliyinə, təhlükəsizliyinə və ya inkişaf maraqlarına zərər vuran fəaliyyətlər” üçün istifadə etməməyə çağırıb. Sənəddə hücum xarakterli hərbi siyasətdən əl çəkməyin və “silahlanma yarışının qarşısını almaq üçün bütün mümkün səylərin göstərilməsinin” zəruriliyi qeyd olunur.
“Kosmosda silahlanma yarışı riski və onun döyüş meydanına çevrilməsi tendensiyası kosmik təhlükəsizlik üçün ən böyük təhdid və çağırışlara çevrilib”, – deyə Çin Xarici İşlər Nazirliyinin bəyanatında vurğulanır.
Bundan əlavə, Pekin kommersiya sektorunun fəaliyyətinin tənzimlənməsinə çağırıb və kosmik iqtisadiyyatın inkişafını təşviq edib. Bəyanatda bildirilir ki, bu sahədə özəl və kommersiya fəaliyyəti “digər dövlətlərin qanuni hüquq və maraqlarını pozmamalı, xüsusilə də digər ölkələrin silahlı münaqişələrinə və daxili işlərinə qanunsuz müdaxiləyə yol verməməlidir”.
Çin Xarici İşlər Nazirliyi vurğulayır ki, kosmos yalnız dinc məqsədlərlə tədqiq edilməli və istifadə olunmalıdır. Bütün dövlətlərin kosmosa çıxış və onun tədqiqi hüququ etibarlı şəkildə qorunmalıdır.