Bakı.Trend:
Pentaqonun UNO-ların (Uçan Naməlum Obyektlərin) öyrənilməsi proqramının keçmiş rəhbəri Cey Stretton 1947-ci ildə ABŞ-də yadplanetlilərin cəsədlərinin aşkar edildiyini təsdiqləyib.
Bu barədə "People" nəşri məlumat yayıb.
Stretton “Out of the Shadows” adlı memuarında bu hadisə barədə məlumatlı olduğunu iddia etdiyi bir mənbəyə istinadən yazıb. Onun sözlərinə görə, qəzaya uğrayan naməlum uçan aparat iki hissəyə parçalanıb. ABŞ hərbçiləri aparatın qalıqlarını və onu idarə edən varlıqları aşkar ediblər. Strettonun mənbəsinin bildirdiyinə görə, sağ qalan pilotlar yeməkdən imtina edib və insanlarla ünsiyyət qurmayıblar.
Stretton iddia edir ki, insan olmayan varlıqlarla və onların texnologiyaları ilə qarşılaşmaq UNO-ların tədqiqi proqramında iştirak edən bəzi əməkdaşlarda psixi pozuntulara səbəb olub.
O, memuarında yadplanetlilərlə əlaqəli başqa bir hadisədən də bəhs edib. Strettonun sözlərinə görə, 2005-ci ildə həmkarlarından biri ona ABŞ-də nüvə raketi şaxtasının yaxınlığında qeydə alınmış obyektin məxfi videosunu göstərib. Kadrlarda rəngbərəng işıqları olan qara üçbucaq formalı aparatın səssizcə sürətlənərək gözdən itdiyi görünür.
2020-ci ildə Stretton Pentaqonun UNO-ların öyrənilməsi üzrə xüsusi qrupunun ilk rəhbəri olub, 2022-ci ildə isə istefaya çıxıb. O, həmçinin hərbi podratçı şirkətlərin aşkar edilmiş ən azı 12 yerdənkənar uçan aparatı saxladığını iddia edir.
Bundan əvvəl Stretton memuarında yadplanetlilər haqqında bütün həqiqətləri açıqlayacağına söz verib.