Füzuli. Trend:
Bu ilin sonuna kimi Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərinə əhalinin qayıdışı təmin olunacaq.
Qarabağ bürosu xəbər verir ki, bunu Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Təranə Quluyeva Trend-ə açıqlamasında deyib.
O bildirib ki, oktyabrın 17-si həm Azərbaycan dövləti, həm də füzulililər üçün əlamətdar gündür.
“Artıq bir neçə ildir ki, oktyabrın 17-də Füzuli şəhərinin işğaldan azad olunması münasibətilə silsilə tədbirlər öz doğma şəhərimizdə qeyd olunur.
"Hazırda Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində bərpa və quruculuq işləri davam etdirilir. Hər iki kənddə işlər yekunlaşmaq üzrədir. Bu ilin sonuna kimi həmin kəndlərə əhalinin qayıdışı nəzərdə tutulur”, – deyə Təranə Quluyeva bildirib.
Qeyd edək ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Trend-ə açıqlamasında bildirib ki, Ağdam, Füzuli və Xocavənd rayonlarında əhalinin sayının ilin sonunadək 25 min nəfərə çatdırılması gözlənilir.
O qeyd edib ki, Füzuli rayonunda məskunlaşma və bərpa işləri davam etdirilir.
"2023-cü ildən etibarən Füzuli şəhərinə 3 min nəfər köçürülüb. Hazırda Füzuli rayonunun Dövlətyarlı və Pirəhmədli kəndlərində bərpa işləri aktiv şəkildə davam etdirilir və bu işlərin ilin sonunadək yekunlaşdırılması nəzərdə tutulur. İlin sonuna qədər rayonda əhalinin sayının daha 1 500-1 600 nəfər artacağı proqnozlaşdırılır", - deyə Emin Hüseynzadə əlavə edib.