Bakı. Trend:
Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə (AQEM) sədrliyi təşkilatın institusional inkişafı, üzv dövlətlər arasında dialoqun genişlənməsi və praktiki əməkdaşlığın gücləndirilməsi baxımından mühüm mərhələyə çevrilib. Oktyabrın 15-də Bakıda keçirilən VII Zirvə Görüşü Azərbaycanın bu istiqamətdə həyata keçirdiyi fəaliyyətin nəticələrini nümayiş etdirməklə yanaşı, ölkəmizin regional proseslərdə artan rolunu bir daha təsdiqləyib.
Bu barədə Trend-ə politoloq Azər Qarayev deyib.
O qeyd edib ki, Asiya və Avropanın kəsişməsində yerləşən Azərbaycan müxtəlif regionları, siyasi və iqtisadi maraqları bir araya gətirmək üçün əlverişli imkanlara malikdir. Bakı bu üstünlüklərdən istifadə edərək AQEM çərçivəsində qarşılıqlı etimadın möhkəmləndirilməsinə, nəqliyyat əlaqələrinin inkişafına, rəqəmsallaşmaya, ətraf mühitin qorunmasına və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinə diqqət yetirir.
"Azərbaycanın 2024–2026-cı illərdəki sədrliyinin əsas istiqaməti “Daha güclü AQEM: Asiyada əlaqəlilik, rəqəmsallaşma və dayanıqlı inkişaf” şüarı ilə müəyyənləşdirilib. Bu yanaşma təşkilatın fəaliyyətini siyasi dialoqla məhdudlaşdırmır, eyni zamanda üzv dövlətlər arasında konkret layihələrin və ortaq təşəbbüslərin inkişafını nəzərdə tutur.
Prezident İlham Əliyev sammitdə Azərbaycanın xarici siyasətinin əsas prinsiplərini izah edərək bildirib: “Azərbaycan davamlı olaraq bərabərhüquqluluq, daxili işlərə qarışmama, ölkələrin ərazi bütövlüyünün və suverenliyinin üstünlüyünə əsaslanan müstəqil xarici siyasət həyata keçirir”.
Bu mövqe AQEM-in mahiyyəti ilə birbaşa səsləşir. Müxtəlif siyasi və iqtisadi maraqlara malik dövlətləri birləşdirən belə platformanın səmərəli fəaliyyəti ilk növbədə suverenliyə hörmət, bərabərhüquqlu iştirak və qarşılıqlı etimad prinsiplərindən asılıdır. Azərbaycanın sədrliyi dövründə məhz bu prinsiplərin təşviqi təşkilat daxilində əməkdaşlığın genişləndirilməsi üçün mühüm zəmin yaradıb. Beynəlxalq münasibətlərdə fikir ayrılıqlarının artdığı bir vaxtda dövlətlərin ortaq məsələləri müzakirə edə biləcəyi platformaların əhəmiyyəti daha da artır", - deyə A.Qarayev vurğulayıb.
Politoloq bildirib ki, AQEM-in gücləndirilməsi Azərbaycanın sədrliyi dövründə qarşıya qoyulan əsas vəzifələrdən biri olub.
"Prezident İlham Əliyevin sözlərinə görə, üzv dövlətlərin dəstəyi ilə həyata keçirilən təşəbbüslər nəticəsində təşkilat institusional və hüquqi baxımdan daha da güclənib, üzvlərinin sayı artıb, dialoq və qarşılıqlı fəaliyyət imkanları genişlənib. Azərbaycanın sədrliyinin daha iki il uzadılması təklifinin üzv dövlətlər tərəfindən dəstəklənməsi də ölkəmizin həyata keçirdiyi işlərə verilən qiymətin göstəricisidir.
Bakıda keçirilən sammitin mühüm nəticələrindən biri Laosun AQEM-ə yeni üzv dövlət kimi qəbul edilməsi olub. Bu qərar təşkilatın coğrafiyasının genişlənməsinə və Asiyanın müxtəlif hissələrini təmsil edən ölkələr arasında əməkdaşlıq imkanlarının artmasına xidmət edir. Üzvlərin sayının çoxalması AQEM-in regional dialoq platforması kimi potensialını gücləndirir və ortaq problemlərin həlli üçün daha geniş imkanlar yaradır", - deyə o qeyd edib.
A.Qarayev əlavə edib ki, Azərbaycanın fəaliyyəti digər üzv dövlətlərin liderləri tərəfindən də yüksək qiymətləndirilib.
"Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycanın sədrliyi dövründə göstərdiyi səmərəli fəaliyyətə görə təşəkkürünü bildirib və Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzunun artdığını vurğulayıb. O, həmçinin Azərbaycanın AQEM-ə sədrliyinin davam etdirilməsini yüksək qiymətləndirdiklərini qeyd edib.
İsrail Prezidenti İsxak Hersoq da Azərbaycanın təşkilat çərçivəsində fəaliyyətinə müsbət münasibətini ifadə edib. O bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sabitliyin, iqtisadi inkişafın və region ölkələri ilə əlaqələrin möhkəmləndirilməsinin əsas dayaqlarından birinə çevrilib.
Hersoq Azərbaycanın gərginliyin artdığı bir dövrdə AQEM-in diqqətini dialoqa, tərəfdaşlığa və ümumi rifahın dəstəklənməsinə yönəltdiyini xüsusi vurğulayıb. Onun fikirləri Azərbaycanın sədrliyinin əsas məqamını əks etdirir: fərqli maraqlara malik dövlətlər arasında təmasların qorunması və ortaq fəaliyyət üçün imkanların genişləndirilməsi.
AQEM-in gündəliyində iqtisadi və nəqliyyat əlaqələri ilə yanaşı, rəqəmsallaşma və dayanıqlı inkişaf məsələləri də mühüm yer tutur. Bu istiqamətlər Azərbaycanın regional siyasətinin prioritetləri ilə uzlaşır. Ölkəmiz Şərq ilə Qərb arasında nəqliyyat və logistika əlaqələrinin inkişafında iştirak edir, rəqəmsal bağlantıların genişləndirilməsini dəstəkləyir və enerji sahəsində əməkdaşlıq imkanlarının artırılmasına töhfə verir. Bu təcrübənin AQEM çərçivəsində təşviqi üzv dövlətlər üçün yeni əməkdaşlıq perspektivləri aça bilər.
Sammitdə qəbul edilən Bakı Bəyannaməsi də təşkilatın gələcək fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Sənəddə beynəlxalq hüquqa, dövlətlərin suveren bərabərliyinə və ərazi bütövlüyünə hörmət, mübahisələrin sülh yolu ilə həlli, təhlükəsizlik, iqtisadi əməkdaşlıq və ətraf mühitlə bağlı çağırışlara qarşı birgə fəaliyyət kimi məsələlər ön plana çıxır. Əməyin təhlükəsizliyi və sağlamlığı üzrə ayrıca bəyanatın qəbul edilməsi isə əməkdaşlığın konkret sosial sahələri də əhatə etdiyini göstərir", - deyə o əlavə edib.
Politoloq vurğulayıb ki, Azərbaycanın AQEM-ə sədrliyinin əhəmiyyəti təşkilati tədbirlərin keçirilməsi ilə məhdudlaşmır.
"Əsas məsələ üzv dövlətlər arasında siyasi etimadı möhkəmləndirmək, qarşılıqlı maraqları uzlaşdırmaq və dialoqu praktiki nəticələrə çevirməkdir. Bakıda keçirilən Zirvə Görüşü bu baxımdan ölkəmizin üzərinə götürdüyü missiyanın davamı kimi çıxış edir.
Azərbaycanın sədrliyinin daha iki il davam etdirilməsi üçün göstərilən dəstək ölkəmizə yeni təşəbbüslər irəli sürmək və başlanmış işləri inkişaf etdirmək imkanı verir. Qarşıdakı dövrdə AQEM-in institusional imkanlarının genişləndirilməsi, nəqliyyat və rəqəmsal əlaqələrin gücləndirilməsi, eləcə də üzv dövlətlərin ortaq maraqlarına xidmət edən layihələrin təşviqi əsas vəzifələr sırasında olacaq.
Beləliklə, Azərbaycanın AQEM çərçivəsində fəaliyyəti ölkəmizin regional əməkdaşlığa verdiyi töhfəni və beynəlxalq platformalarda təşəbbüskar mövqeyini nümayiş etdirir. Bakı sammiti isə təşkilatın daha güclü dialoq və əməkdaşlıq mexanizminə çevrilməsi istiqamətində növbəti mühüm mərhələdir", - deyə o qeyd edib.