Bakı. Trend:
Azərbaycan və Laos arasında münasibətlərin yeni mərhələyə qədəm qoyması üçün siyasi iradə və qarşılıqlı maraq mövcuddur. Oktyabrın 13-də Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin Azərbaycana rəsmi səfəri zamanı keçirilən görüşlər, qəbul edilən Birgə Bəyanat və imzalanan sənədlər iki ölkənin əməkdaşlığı genişləndirmək niyyətini ortaya qoydu. İndi əsas məqsəd mövcud siyasi əlaqələri iqtisadiyyat, investisiya, nəqliyyat, kənd təsərrüfatı və təhsil sahələrində konkret nəticələrə çevirməkdir.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"Prezident İlham Əliyev Laos lideri ilə görüşündə iqtisadi münasibətlərin hazırkı səviyyəsinin iki ölkənin potensialını əks etdirmədiyini vurğulayıb: "Biz eyni mənzərəni iqtisadi sahədə də görmək istərdik. Bu gün fikir mübadiləsi əsnasında hər iki tərəf eyni mövqe bildirdi ki, bugünkü ticarət dövriyyəmiz, əlbəttə, bizim nə potensialımızı əks etdirir, nə də niyyətimizi". Bu fikir Bakı ilə Vyentyan arasında əməkdaşlığın əsas istiqamətini müəyyənləşdirir. Siyasi dialoq və beynəlxalq təşkilatlardakı qarşılıqlı dəstək münasibətlərin möhkəm təməlini formalaşdırır. Növbəti mərhələdə həmin təməl üzərində iqtisadi əlaqələrin qurulması, biznes dairələri arasında birbaşa təmasların artırılması və qarşılıqlı investisiyalar üçün əlverişli imkanların müəyyənləşdirilməsi vacibdir", - deyə politoloq bildirib.
Onun sözlərinə görə, Azərbaycan və Laos arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub. Ötən dövrdə iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq edib, parlamentlərarası əlaqələr və hakim partiyalar arasında təmaslar inkişaf edib. Hər iki ölkədə dostluq qruplarının yaradılması da münasibətlərin müxtəlif istiqamətlərdə genişləndirilməsinə marağı göstərir.
"Thonqlun Sisulitin Azərbaycana səfəri dövlət başçıları səviyyəsində bu əlaqələrin daha da möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Laos Prezidentinin sözlərinə görə, bu səfər iki ölkənin ənənəvi dostluq münasibətlərinin daha geniş tərəfdaşlığa çevrilməsi üçün yeni imkanlar açır. İkitərəfli münasibətlərin tarixi də bu baxımdan diqqətəlayiqdir. Laos lideri çıxışında Heydər Əliyevin 1986-cı ildə Laos Xalq İnqilabı Partiyasının qurultayında iştirakını xatırladıb və həmin səfərin ölkəsində xoş təəssürat yaratdığını bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin bu ənənələrin davam etdirilməsində rolunu vurğulayıb. Beləliklə, tərəflər arasında münasibətlər yalnız son illərdə yaranmış siyasi maraqlara söykənmir. Onların arxasında uzunmüddətli təmaslar və qarşılıqlı hörmət ənənəsi dayanır. Bu amil əməkdaşlığın yeni sahələrə yayılması üçün əlverişli şərait yaradır", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, iki ölkə arasında iqtisadi əlaqələrin genişləndirilməsi üçün ən mühüm istiqamətlərdən biri ticarət dövriyyəsinin artırılmasıdır.
"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, mövcud göstəricilər tərəflərin imkanları ilə uyğun gəlmir. Buna görə də iqtisadi əlaqələrin intensivləşdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib. Bu prosesdə Bakıda keçirilməsi nəzərdə tutulan Laos-Azərbaycan biznes-forumu xüsusi rol oynaya bilər. Belə platformalar şirkətlərə bir-birinin bazarını, investisiya imkanlarını və potensial tərəfdaşlarını daha yaxından tanımağa şərait yaradır. İqtisadi əlaqələrin inkişafı üçün siyasi bəyanatlarla yanaşı, konkret kommersiya layihələri, uzunmüddətli müqavilələr və davamlı biznes təmasları da lazımdır", - o bildirib.
Politoloq vurğulayıb ki, Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşu təcrübəsi Laos üçün də maraqlı ola bilər.
"Prezident İlham Əliyev Azərbaycanın Laos tərəfindən təqdim ediləcək layihələri nəzərdən keçirməyə hazır olduğunu bildirib. Dövlət başçısı vurğulayıb ki, Azərbaycan investisiyaları yeni iş yerlərinin açılmasına və istehsal sahələrinin formalaşmasına töhfə verir. Bu yanaşma əməkdaşlığın qarşılıqlı fayda əsasında qurulması niyyətini göstərir. Laos Azərbaycan investorlarına kənd təsərrüfatı, enerji, mədənçilik və digər sahələrdə layihələr təqdim edə bilər. Azərbaycan şirkətləri isə yerli tərəfdaşlarla birlikdə həmin imkanları qiymətləndirə, iqtisadi baxımdan səmərəli istiqamətlər üzrə fəaliyyətə başlaya bilərlər", - o bildirib.
Onun sözlərinə görə, Laosun regional nəqliyyat bağlantılarını genişləndirməsi Azərbaycanla əməkdaşlıq üçün əlavə perspektivlər yarada bilər. Görüş zamanı Laosun qonşu ölkələrlə dəmir yolu əlaqələrinin inkişaf etdirilməsi və gələcəkdə Trans-Xəzər beynəlxalq nəqliyyat marşrutuna çıxış imkanları müzakirə olunub.
"Azərbaycanın nəqliyyat-logistika infrastrukturu bu istiqamətdə mühüm üstünlükdür. Ölkənin liman, dəmir yolu və digər nəqliyyat layihələri Avropa ilə Asiya arasında yükdaşımaların inkişafına xidmət edir. Laosun regional dəmir yolu şəbəkəsinin genişlənməsi ilə Azərbaycanın tranzit imkanlarının uzlaşdırılması gələcəkdə yeni yük axınlarının yaranmasına şərait yarada bilər. Bunun üçün marşrutların iqtisadi səmərəliliyi, daşınma müddəti və logistika xərcləri ətraflı qiymətləndirilməlidir. Kənd təsərrüfatı sahəsində əməkdaşlıq da artıq sənədlərlə möhkəmləndirilib. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyi ilə Laosun Kənd Təsərrüfatı və Ətraf Mühit Nazirliyi arasında müvafiq Anlaşma Memorandumu imzalanıb. Bu sənəd aqrar sahədə təcrübə mübadiləsi və birgə təşəbbüslər üçün imkan yaradır. Tərəflər əməkdaşlığın konkret istiqamətlərini müəyyənləşdirməklə məhsuldarlıq, istehsal və aqrar texnologiyalar sahəsində faydalı təcrübədən yararlana bilərlər", - o bildirib.
A.Qarayev qeyd edib ki, iki ölkə arasında əməkdaşlığın mühüm istiqamətlərindən biri də təhsildir.
"Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin bərpasını təklif edib. Laos Prezidenti də Azərbaycan universitetlərində təhsil alan tələbələrin sayının artırılmasını və təqaüd imkanlarının genişləndirilməsini dəstəkləyib: "Mən həqiqətən inanıram ki, bu rəsmi səfər ölkələrimizin müvafiq qurumlarına dövlət başçıları səviyyəsində aparılmış müzakirələrin nəticələrini daha ətraflı müzakirə etmək tapşırığını vermək imkanı yaradacaq". Bu fikir səfərin nəticələrinin praktiki addımlarla davam etdirilməsinin vacibliyini göstərir. Təhsil sahəsində tələbə mübadiləsi, birgə proqramlar və təqaüdlər yalnız mütəxəssis hazırlığına deyil, xalqlar arasında əlaqələrin möhkəmlənməsinə də xidmət edə bilər. Minalarla mübarizə sahəsində təcrübə mübadiləsi və yeni texnologiyaların tətbiqi də tərəflərin əməkdaşlıq edə biləcəyi istiqamətlər sırasındadır", - o bildirib.
Politoloq vurğulayıb ki, Prezident İlham Əliyev və Prezident Thonqlun Sisulitin görüşləri, Birgə Bəyanat və imzalanan sənədlər Azərbaycan-Laos münasibətlərinin inkişafı üçün siyasi çərçivə yaradır. İndi əsas məsələ razılaşmaların real layihələrlə tamamlanmasıdır.
"Ticarət dövriyyəsinin artırılması, investisiya imkanlarının araşdırılması, nəqliyyat əlaqələrinin inkişafı, kənd təsərrüfatı və təhsil sahəsində birgə təşəbbüslər ikitərəfli münasibətlərin gələcək gündəliyində mühüm yer tuta bilər. Siyasi səviyyədə nümayiş etdirilən qarşılıqlı maraq iqtisadi və humanitar əlaqələrdə də davamlı nəticələr verərsə, Azərbaycanla Laos arasında dostluq münasibətləri daha geniş və praktik tərəfdaşlığa çevrilə bilər", - politoloq əlavə edib.