Bakı.Trend:
“KazTransOil” SC-nin Bakı-Tbilisi-Ceyhan (BTC) istiqamətində neftin nəqli 2026-cı ilin ilk 9 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə 24 faiz artaraq 1 milyon 164 min ton təşkil edib.
Bu barədə şirkətin məlumatında deyilir.
Məlumata görə, “KazTransOil” SC-nin imkanlarından istifadə etməklə Aktau limanında tankerlərə yüklənən neftin həcmi 2026-cı ilin ilk 9 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 7 faiz artaraq 2 milyon 608 min ton olub. O cümlədən, Bakı-Tbilisi-Ceyhan istiqamətində neftin nəqli 24 faiz artaraq 1 milyon 164 min ton təşkil edib.
Qeyd olunur ki, “KazTransOil” SC tərəfindən 2026-cı ilin ilk 9 ayında neftin nəqli və neft məhsullarının aşırılması üzrə konsolidə edilmiş həcm 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artaraq 35 milyon 809 min ton olub.
Şirkətin magistral neft kəmərləri sistemi ilə ayrıca 34 milyon 392 min ton neft nəql edilib ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 4 faiz çoxdur.
Hesabat dövründə şirkət üzrə neftin konsolidə edilmiş yük dövriyyəsi 34 milyard 425 milyon ton-kilometr təşkil edib. Bu, 2025-ci ilin ilk 9 ayının göstəricisindən 1 faiz çoxdur.
“KazTransOil” SC-nin magistral neft kəmərləri sistemi üzrə neftin yük dövriyyəsi isə 26 milyard 677 milyon ton-kilometr olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 faiz artım deməkdir.