Bakı. Trend:
Azərbaycana qarşı dini inancların müdafiəsi pərdəsi altında aparılan dezinformasiya kampaniyalarının əsas məqsədlərindən biri ölkənin dünyəvi dövlətçilik modelinə və milli həmrəyliyinə zərbə vurmaqdır.
Bu barədə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin üzvü Zaur İbrahimov və “Virtual Qərbi Azərbaycan” ensiklopedik toplusunun elmi rəhbəri Cəbi Bəhramov “Dezinformasiyaya qarşı ictimai həmrəylik: QHT-lərin milli dəyərlərin və ictimai məsuliyyətin qorunmasına töhfəsi” mövzusunda ictimai müzakirə çərçivəsində jurnalistlərə açıqlamasında deyiblər.
Z.İbrahimov qeyd edib ki, son günlər İranın və bir sıra xarici qüvvələrin dini inancların müdafiəsi adı altında Azərbaycana qarşı dezinformasiya hücumları həyata keçirməsi fonunda qeyri-hökumət təşkilatlarının səfərbərliyi vacibdir. O bildirib ki, QHT-lər bu cür təxribatları, hibrid təhdidləri və dezinformasiya hücumlarını pisləyən bəyanat yayıblar.
O qeyd edib ki, Azərbaycan İslam dünyasında dünyəvi dövlətçilik modeli ilə dini inancları uzlaşdıran nadir dövlətlərdən biridir. Z. İbrahimovun sözlərinə görə, ölkənin müstəqil inkişaf yolu və güclənməsi bəzi xarici qüvvələri narahat edir, bu qüvvələr isə milli birliyi və həmrəyliyi hədəfə alırlar.
“Azərbaycan məhz bu milli həmrəyliyin nəticəsində Qarabağ müharibəsində tarixi zəfər qazandı”, – deyə o vurğulayıb.
Z.İbrahimov əlavə edib ki, Azərbaycan cəmiyyəti baş verənləri Konstitusiya, qanunvericilik və milli maraqlar çərçivəsində qiymətləndirməli, xarici təxribatlara uymamalıdır. O, ölkənin dünyəvi dövlətçilik modelinin qorunmasının vacibliyini qeyd edərək bildirib ki, Azərbaycanın daxili işlərinə xarici müdaxilələr yolverilməzdir.
Cəbi Bəhramov isə çıxışında Azərbaycanda dünyəvi dövlətçilik prinsiplərinin Konstitusiya ilə təsbit olunduğunu bildirib. O, hicabla bağlı müzakirələrə toxunaraq bu məsələnin tarixi və hüquqi əsaslarının araşdırılmasının vacibliyini qeyd edib. C. Bəhramovun sözlərinə görə, təhsil sahəsində qanunvericilik və məktəbli geyim qaydaları nəzərə alınmalı, bu məsələlərə müdaxilə cəhdlərinə yol verilməməlidir.
Tarixçi vurğulayıb ki, Azərbaycan dövlətinin dünyəvi quruluşu və təhsil sistemi qanunvericiliklə müəyyənləşdirilən prinsiplər əsasında fəaliyyət göstərir. O, xarici qüvvələrin ölkənin daxili məsələlərinə müdaxiləsini yolverilməz hesab etdiyini bildirib.
“Azərbaycan dünyəvi dövlətdir. Onun öz Konstitusiyası var”, – deyə Bəhramov qeyd edib.
O əlavə edib ki, Azərbaycanın güclənməsi və müstəqil siyasət yürütməsi bəzi qüvvələrdə narahatlıq yaradır. Bəhramovun fikrincə, dini dəyərlərin təhrif olunaraq cəmiyyətə qarşı təzyiq vasitəsinə çevrilməsi yolverilməzdir. O, vətəndaşları qanunlara riayət etməyə, milli maraqları qorumağa və xarici təxribatlara qarşı ayıq-sayıq olmağa çağırıb.

