Bakı. Trend:
Süni intellektin (Sİ) dünya üzrə iş yerlərinə təsiri zaman keçdikcə təxminən 40 faizə çatacaq.
Bu qiymətləndirməni Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgiyeva verib. O, Banqkokda keçirilən BVF və Dünya Bankının rəhbər orqanlarının payız sessiyasında çıxış edib.
“Süni intellektin qlobal miqyasda iş yerlərinə təsiri zaman keçdikcə təxminən 40 faiz təşkil edəcək: iş yerləri ya bu texnologiyalarla tamamlanacaq, ya dəyərini itirəcək, ya da ləğv ediləcək”, – deyə BVF rəhbəri bildirib.
O, bu prosesin ilk nəticələrinin artıq inkişaf etmiş iqtisadiyyatlara malik ölkələrdə hiss olunduğunu qeyd edib. Georgiyevanın sözlərinə görə, süni intellekt texnologiyalarının inkişafı dünya əmək bazarını köklü şəkildə dəyişdirəcək “yavaş irəliləyən sunami”dir.
İnkişaf etməkdə olan ölkələrdə süni intellektin təsirinə məruz qala biləcək iş yerlərinin payı hələlik 23 faiz səviyyəsində qiymətləndirilir.
“Bu da yalnız ona görədir ki, süni intellekt həmin ölkələrdə hələ geniş yayılmayıb”, – deyə Georgiyeva vurğulayıb.
O bildirib ki, ABŞ-də aparılan araşdırma artıq iş yerlərinin 10 faizində süni intellektlə işləmək bacarıqlarının tələb olunduğunu göstərir.