Bakı.Trend:
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin (TBMM) Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, İstanbul millət vəkili Şamil Ayrımın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd edilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə, o cümlədən səhiyyə istiqamətində uğurla inkişaf etdiyi vurğulanıb.
Səhiyyə naziri Teymur Musayev qonaqları salamlayaraq, Azərbaycan və Türkiyə arasında mövcud olan strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərinin səhiyyə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün mühüm imkanlar yaratdığını bildirib. Nazir iki ölkənin səhiyyə qurumları arasında qarşılıqlı təcrübə mübadiləsinin, peşəkar əlaqələrin və birgə təşəbbüslərin səhiyyə sistemlərinin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Teymur Musayev Türkiyənin səhiyyə sahəsində əldə etdiyi qabaqcıl təcrübənin Azərbaycan üçün əhəmiyyətini vurğulayıb, xüsusilə tibbi kadrların hazırlanması, müasir tibbi texnologiyaların tətbiqi, səhiyyənin rəqəmsallaşdırılması və digər istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi üçün potensialın yüksək olduğunu diqqətə çatdırıb.
Öz növbəsində Şamil Ayrım səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə olduğu kimi, səhiyyə istiqamətində də əlaqələrin bundan sonra daha da inkişaf etdirilməsinin vacibliyini qeyd edib.
Görüş zamanı səhiyyə sahəsində mövcud əməkdaşlığın genişləndirilməsi, qarşılıqlı təcrübə mübadiləsinin artırılması, tibbi təhsil və peşəkar inkişaf istiqamətində əlaqələrin möhkəmləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan-Türkiyə münasibətlərinin möhkəm təməllər üzərində inkişaf etdiyini vurğulayaraq, səhiyyə sahəsində əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminliklərini ifadə ediblər.



