Türkmənbaşı. Trend:
Belarus Prezidenti Aleksandr Lukaşenko Azərbaycanın 2028-ci ildə ilk dəfə olaraq Müstəqil Dövlətlər Birliyinə (MDB) sədrliyi öz üzərinə götürmək qərarını tarixi adlandırıb.
Bu barədə Trend-in xüsusi müxbiri məlumat verir.
"Təşkilatımızın inkişafında yeni mərhələAzərbaycan Prezidenti İlham Əliyevin 2028-ci ildə ilk dəfə sədrliyi öz üzərinə götürmək qərarıdır. Bu, şübhəsiz ki, tarixi məqamdır", — deyə Lukaşenko MDB Dövlət Başçıları Şurasının Türkmənistanda keçirilən iclasında bəyan edib.
Belarus lideri, həmçinin birlik çərçivəsində iqtisadi əməkdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunu qeyd edib. Onun sözlərinə görə, Azərbaycan, Rusiya və Qazaxıstan MDB-nin inkişaf lokomotivlərinə çevrilmək üçün kifayət qədər resurs və imkanlara malikdirlər.
Lukaşenko iqtisadi qarşılıqlı əlaqələr sahəsində daha fəal addımların atılmasının vacibliyini vurğulayaraq bildirib ki, məhz iqtisadiyyat Birlik dövlətlərinin birliyinin əsasını təşkil etməlidir.
O, həmçinin sammitdə Azərbaycan və Ermənistan rəhbərlərinin yükdaşımalar üzrə logistik imkanların inkişafı ilə bağlı verdikləri bəyanatları müsbət qiymətləndirib.
Lukaşenko 2027-ci ildə təşkilata rəhbərlik etməyə razılıq verdiyinə görə Özbəkistana da təşəkkürünü bildirib.