Bakı.Trend:
İtkin düşmüş şəxslər məsələsinin həlli üçün effektiv mexanizmlərin işlənib hazırlanması xüsusilə vacibdir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Beynəlxalq Humanitar Hüquq İnstitutunun (Sanremo) Baş katibi Jan Luka Beruto çərşənbə günü İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda keçirilən IV beynəlxalq konfransda çıxışı zamanı deyib.
O qeyd edib ki, ailələr üçün cavabların tapılması həm də hakimiyyət orqanlarının və təşkilatların birgə işləmək, etibarlı məlumatları bölüşmək və səylərini əlaqələndirmək bacarığından asılıdır.
“Etimad bu əməkdaşlıq və real tərəqqiyə nail olmaq üçün vacibdir. Beynəlxalq Humanitar Hüquq İnstitutu beynəlxalq humanitar hüquq və insan hüquqlarının təbliği üçün müstəqil və neytral platforma kimi fəaliyyət göstərir. Onun missiyası hər zaman təlim və potensialın artırılmasına söykənib. Bu missiya dünyanın müxtəlif regionlarından və müxtəlif sahələrdən olan hərbçiləri, mülki şəxsləri, diplomatları, akademikləri və digər mütəxəssisləri bir araya gətirir
Effektiv olmaq üçün beynəlxalq humanitar hüquq və insan hüquqları üzrə təlimlər davamlı və sistematik olmalıdır”,- deyə o bildirib.
Qeyd edək ki, konfrans Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının (DK) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə sabiq dövlət və hökumət başçıları, beynəlxalq təşkilatların və xarici ölkələrin yüksək vəzifəli nümayəndələri, itkin düşmüş şəxslərlə iş üzrə qurumların rəhbərləri, ekspertlər, qeyri-hökumət təşkilatlarının təmsilçiləri və insan hüquqları sahəsində mütəxəssislər, həmçinin Azərbaycanda akkreditə olunmuş xarici ölkələrin səfirləri, hərbi attaşeləri və digər şəxslər iştirak edir.
Builki müzakirələrin əsas istiqamətlərindən biri tərəflər arasında etimadın formalaşdırılması və möhkəmləndirilməsidir.
Konfransın məqsədi yalnız müzakirələrlə kifayətlənməmək, etimadı və əməkdaşlığı gücləndirən, ailələrin həqiqəti bilmək hüququnun təmin olunmasına xidmət edən, məlumat mübadiləsini asanlaşdıran, həmçinin müasir məhkəmə-tibbi, DNT və texnoloji imkanların tətbiqini genişləndirən praktiki və dayanıqlı mexanizmlərin formalaşdırılmasına töhfə verməkdir. Tədbir oktyabrın 10-dək davam edəcək.