Bakı. Trend:
Qaxda avtomobilin yaşayış evinin divarına çırpılması nəticəsində 17 yaşlı sərnişin ölüb, daha dörd nəfər xəsarət alıb.
Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə bu gün saat 02:45 radələrində Qax şəhəri ərazisində baş verib.
Şəhər sakini, 18 yaşlı Kamran Məmmədovun sürücülük hüququ və etibarnamə olmadan idarə etdiyi “Opel” markalı avtomobil maneəyə çırpılıb. Nəticədə avtomobildə olan sərnişin, 17 yaşlı Elcan Muxtarov aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Digər sərnişinlər — Ziyad Şahməliyev, Mürsəl Muxtarov, Abdutolif Şahmalı və Ərhan Əlizadə müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
İlkin ehtimala görə, qəzaya yüksək sürət səbəb olub. İdarəetmədən çıxan avtomobil əvvəlcə işıq dirəyinə, daha sonra əks istiqamətli hərəkət hissəsinə çıxaraq yaşayış evinin divarına çırpılıb.
Faktla bağlı araşdırma aparılır.
Baş Dövlət Yol Polisi İdarəsi sürət həddinin aşılması, sükan arxasında diqqətsizlik, yol və hava şəraitinin nəzərə alınmaması, eləcə də sürücülük hüququ olmadan avtomobil idarə edilməsinin ağır nəticələrə səbəb ola biləcəyini bir daha xatırladıb. İdarə vətəndaşları sürücülük hüququ olmayan şəxslərə avtomobil verməməyə və yol hərəkəti qaydalarına ciddi əməl etməyə çağırıb.