Bakı.Trend:
Orta Dəhlizin uğuru biznesin onu nə dərəcədə rəqabətə davamlılığı, etibarlı, proqnozlaşdırılan və investisiya qoyuluşuna layiq hesab etməsindən asılı olacaq.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays Bakıda keçirilən CAMCA 2026 Regional Forumunda bildirib.
"Bu dəhlizin uğuru müəssisələrin onu rəqabətə davamlı, etibarlı, proqnozlaşdırılan və investisiya qoyuluşuna layiq hesab edib-etməyəcəyindən, xüsusilə də insanların və iqtisadiyyatların onun yaratdığı iqtisadi faydalardan və dəyərdən tam şəkildə yararlana bilib-bilməyəcəyindən asılı olacaq", - deyə o bildirib.
Prays qeyd edib ki, Orta Dəhliz çərçivəsində praktiki əməkdaşlıq region ölkələrinin iqtisadi inkişafına töhfə verə bilər.
O, həmçinin Azərbaycandakı makroiqtisadi vəziyyətə və büdcə siyasətinə toxunub. "Çox sabit iqtisadi vəziyyət, əhəmiyyətli maliyyə buferləri, aşağı dövlət borcu, ölçülüb-biçilmiş büdcə və pul-kredit siyasəti", - deyə Prays bildirib.
Onun sözlərinə görə, Azərbaycanda iqtisadi artım çox aşağı olaraq qalır.
"Bu, dövlətin əsaslı xərclərinin azalmasını və bununla əlaqədar qeyri-neft sektorunda artımın zəif olmasını, həmçinin karbohidrogen hasilatının azalmasını əks etdirir. Karbohidrogenlər Azərbaycanın iqtisadiyyatında dominant mövqeyə malikdir. Bu il ÜDM artımı 1,2 faiz təşkil edir. Biznes mühitini yaxşılaşdıracaq, rəqabəti gücləndirəcək və özəl sektorun daha geniş iştirakına şərait yaradacaq islahatlar həyata keçirilmədiyi təqdirdə, orta müddətli artımın 2 faizdən aşağı qalacağı gözlənilir", - deyə Prays bildirib.
Regional direktor əlavə edib ki, əsas vəzifələrdən biri güclü makroiqtisadi buferləri investisiyanın, diversifikasiyanın və məhsuldarlığın artımının yeni mənbələrinə çevirməkdir.