Bakı. Trend:
Bakıda ADEX 2026 - 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi öz işinə başlayıb. Sentyabrın 30-dan oktyabrın 2-dək Bakı Ekspo Mərkəzində keçirilən sərgi artıq Azərbaycanın müdafiə sənayesi sahəsində ən mühüm beynəlxalq tədbirlərdən birinə çevrilib. Bu il ADEX-in miqyası və iştirak coğrafiyası bir daha genişlənib, dünyanın müxtəlif ölkələrindən aparıcı şirkətlər, dövlət qurumları və yüksək səviyyəli nümayəndə heyətləri Bakıya toplaşıb.
Bunu Trend-ə politoloq Azər Qarayev deyib.
"ADEX-in əsas fərqi onun yalnız yeni hərbi məhsulların nümayiş etdirildiyi məkan olmamasıdır. Sərgi eyni zamanda müdafiə sənayesinin müxtəlif istiqamətlərində çalışan şirkətlərin birbaşa əlaqə qurmasına, texnologiyalarını təqdim etməsinə, potensial tərəfdaşlarla görüşməsinə və yeni əməkdaşlıq imkanlarını müzakirə etməsinə şərait yaradır. Bu baxımdan ADEX dövlətlərarası və hərbi-texniki əməkdaşlıq üçün də mühüm görüş meydanına çevrilir", - o bildirib.
Onun sözlərinə görə, ADEX 2026-da 29 ölkədən 270-dən çox şirkətin iştirakı təsdiqlənib. 14 ölkə milli pavilyonlarla təmsil olunur. Bundan başqa, 33 ölkədən 45 xarici nümayəndə heyətinin iştirakı qeydə alınıb. Bu göstəricilər sərginin yalnız yerli deyil, beynəlxalq müdafiə sənayesi üçün də cəlbedici platformaya çevrildiyini göstərir.
"Sərgidə Azərbaycanla yanaşı ABŞ, Türkiyə, İtaliya, Almaniya, Böyük Britaniya, Çin, İsrail, Pakistan, Rumıniya, Rusiya, Cənubi Koreya, İspaniya, Birləşmiş Ərəb Əmirlikləri, Özbəkistan və digər ölkələrin şirkətləri iştirak edir. Bu il ABŞ şirkətlərinin ADEX-də iştirakı xüsusilə genişlənib. “Northrop Grumman”, “Lockheed Martin”, “SIG SAUER”, “Vantor” və “Ondas” ilk dəfə sərgidə təmsil olunur. Almaniyanın “Rheinmetall” və “Rohde & Schwarz”, Böyük Britaniyanın “BAE Systems” şirkətləri də builki iştirakçılar arasındadır. Türkiyə isə sərgidə ən geniş təmsil olunan ölkədir.
ADEX-in əhəmiyyəti təqdim olunan məhsulların genişliyi ilə də bağlıdır. Sərgidə aviasiya və aviasiya sistemləri, pilotsuz uçuş aparatları, radioelektron sistemlər, C4ISR texnologiyaları, müasir silah və sursatlar, hərbi texnika, dəniz sistemləri və digər müdafiə sənayesi məhsulları nümayiş etdirilir. Beləliklə, ziyarətçilər və peşəkarlar müdafiə texnologiyalarının müxtəlif istiqamətlərini eyni məkanda görmək və müqayisə etmək imkanı əldə edirlər", - politoloq bildirib.
A.Qarayev qeyd edib ki, bu mənzərədə Azərbaycanın iştirakı xüsusi yer tutur. ADEX 2026-da ilk dəfə Bakı Ekspo Mərkəzinin 4-cü pavilyonu tam şəkildə milli ekspozisiyaya ayrılıb. Burada Azərbaycanın müdafiə sənayesi, texnologiya, kosmik sənaye və mühəndislik sahələrini təmsil edən qurum və şirkətlərin məhsulları və imkanları nümayiş olunur.
"Müdafiə Sənayesi Nazirliyi və Müdafiə Nazirliyi ilə yanaşı, “Azərkosmos”, “Azərsilah” Müdafiə Sənayesi Holdinqi, Azərbaycan Minatəmizləmə Agentliyi və digər qurum və şirkətlər də milli ekspozisiyada yer alır. Bu, Azərbaycan üçün ADEX-in başqa bir mühüm tərəfini ortaya qoyur. Sərgi ölkənin müdafiə sənayesində əldə etdiyi nəticələrin xarici auditoriyaya təqdim edilməsi üçün hazır platforma yaradır. Yerli müəssisələr burada öz məhsullarını və texnoloji imkanlarını beynəlxalq şirkətlər, hərbi nümayəndə heyətləri və potensial tərəfdaşların qarşısında nümayiş etdirə bilirlər", - o bildirib.
Politoloq vurğulayıb ki, ADEX-in genişlənməsi Azərbaycanın müdafiə sənayesinin beynəlxalq əməkdaşlıq imkanlarının artması baxımından da əhəmiyyətlidir.
"Sərgi çərçivəsində Azərbaycan dövlət qurumları, xarici nümayəndə heyətləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər keçirilir. Bu görüşlər zamanı müdafiə sənayesində əməkdaşlıq imkanlarının müzakirəsi, yeni əlaqələrin qurulması və gələcək tərəfdaşlıqlar üçün zəmin yaradılması nəzərdə tutulur. Prezident İlham Əliyevin ADEX 2026 iştirakçılarına ünvanladığı müraciətdə də sərginin məhz bu xüsusiyyəti xüsusi vurğulanıb. Prezident İlham Əliyev ADEX-in ildən-ilə artan maraq və iştirakla regionun ən mötəbər müdafiə sənayesi platformalarından birinə çevrildiyini qeyd edib: "Bu sərgiyə marağın ildən-ilə artması, burada bir çox ölkənin və aparıcı şirkətin təmsil olunması tədbirin aktuallığını və beynəlxalq nüfuzunu əyani şəkildə əks etdirir".
Bu fikir builki sərginin miqyası ilə də təsdiqini tapır. Şirkətlərin sayının artması, yeni ölkələrin ADEX-ə qoşulması, milli pavilyonların genişlənməsi və yüksək səviyyəli nümayəndə heyətlərinin iştirakı sərginin tədricən daha böyük beynəlxalq əməkdaşlıq meydanına çevrildiyini göstərir. Bu baxımdan ADEX-in əhəmiyyəti yalnız sərgi günləri ilə məhdudlaşmır. Burada qurulan əlaqələr, aparılan görüşlər və təqdim olunan texnologiyalar sonrakı əməkdaşlıqlar üçün əsas yarada bilər", - o bildirib.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müraciətində Azərbaycanın öz müdafiə sənayesinin inkişafına da xüsusi diqqət ayrılıb.
"Prezident İlham Əliyev bildirib ki, bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir: "ADEX sərgisi həm ölkəmizin müdafiə-sənaye kompleksinin gücünün və potensialının, o cümlədən innovativ texnologiyalarının, həm də tərəfdaşlarımızın müdafiə sənayesi müəssisələrinin müasir məhsullarının və yeni nailiyyətlərinin beynəlxalq ictimaiyyətə təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Bu baxımdan ADEX Azərbaycan üçün həm öz imkanlarını göstərmək, həm də dünya müdafiə sənayesində baş verən yenilikləri yaxından izləmək imkanıdır. Bir tərəfdə yerli istehsal və texnologiyalar, digər tərəfdə isə dünyanın aparıcı müdafiə şirkətlərinin ən son məhsulları nümayiş olunur. Eyni məkanda bu qədər geniş texnologiya və istehsal potensialının toplanması sənayenin inkişaf istiqamətlərini görmək üçün mühüm imkan yaradır", - o bildirib.
A.Qarayev qeyd edib ki, ADEX-lə paralel keçirilən “Securex Caspian 2026” sərgisi də bu mənzərəni tamamlayır.
"Təhlükəsizlik, mühafizə, xilasetmə və fövqəladə halların idarə olunması sahələrində həllərin nümayiş etdirildiyi tədbir müdafiə və təhlükəsizlik sektorlarının müxtəlif istiqamətlərini bir platformada birləşdirir. Hər iki sərgi 2 oktyabradək Bakı Ekspo Mərkəzində davam edəcək.
Beləliklə, ADEX 2026 Bakıda sadəcə yeni silah və hərbi texnikanın nümayiş olunduğu tədbir deyil. Sərgi Azərbaycanın müdafiə sənayesinin imkanlarını beynəlxalq auditoriyaya təqdim edən, dünyanın müxtəlif ölkələrindən şirkətləri və nümayəndə heyətlərini bir araya gətirən, texnologiya mübadiləsi və yeni əməkdaşlıqlar üçün imkan yaradan geniş beynəlxalq platforma kimi mövqeyini daha da möhkəmləndirir", - politoloq əlavə edib.