Bakı.Trend:
Ukraynanın təhsil və elm naziri Andrey Butenko Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev ilə ali təhsil haqqında sənədlərin tanınması, universitetlər arasında əməkdaşlığın genişləndirilməsi, həmçinin təhsil və elm sahəsində ikitərəfli tədbirlərin hazırlanmasını müzakirə edib.
Bu barədə Ukrayna Təhsil və Elm Nazirliyinin məlumatında bildirilib.
“2026-cı ilin əvvəlinə Ukraynada 5,4 mindən çox Azərbaycan vətəndaşı təhsil alırdı ki, bu da bütün xarici tələbələrin təxminən üçdə birini təşkil edirdi. Ukrayna tərəfi bu əməkdaşlığın davam etdirilməsində və təhsil almaq üçün müvafiq şəraitin yaradılmasında maraqlı olduğunu təsdiqləyib”, – deyə Ukrayna Təhsil və Elm Nazirliyinin məlumatında bildirilib.
Qeyd olunub ki, görüşdə Ukraynanın ali təhsil müəssisələrinin diplomlarının Azərbaycanda tanınmasına xüsusi diqqət yetirilib.
Bu çərçivədə Ukrayna tərəfi müvafiq məsələlərin ixtisaslaşmış işçi qrupunun fəaliyyəti çərçivəsində ətraflı şəkildə nəzərdən keçirilməsini təklif edib.
Görüşdə, həmçinin azərbaycanlı tələbələrin Ukraynada təhsil almaq üçün qəbul və ölkəyə gəlişinin sənədləşdirilməsi məsələsi müzakirə olunub.
Bundan əlavə, iştirakçılar nazir müavini Nikolay Trofimenkonun başçılığı altında Təhsil və Elm Nazirliyi nümayəndə heyətinin Azərbaycan səfərinə hazırlığı nəzərdən keçiriblər.
“Müzakirəyə çıxarılan proqram təhsil haqqında sənədlərin tanınması üzrə işçi qrupunun iclasının keçirilməsini, aidiyyəti nazirliyin rəhbərliyi və universitet rektorları ilə görüşləri nəzərdə tutur. Səfər birgə həllərin hazırlanmasına və hər iki ölkənin ali təhsil müəssisələri arasında birbaşa tərəfdaşlığın inkişafına töhfə verməlidir. Həmçinin bu ilin sonunadək Ukrayna və Azərbaycanın təhsil nazirlərinin görüşünün keçirilməsi imkanından danışılıb”, – deyə məlumatda bildirilir.