Bakı. Trend:
Milli Məclis Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında imzalanan Sazişi ratifikasiya edib.
Trend-in iclasda iştirak edən müxbirinin xəbərinə görə, bu məsələ Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Bildirilib ki, Quba-Xəzəryanı ərazisi üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında Saziş 2026-cı il fevralın 18-də Bakı şəhərində “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) və “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti arasında imzalanıb.
Saziş Azərbaycanın Quba-Xəzəryanı (Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edir) regionunda yerləşən qurudakı perspektivli neft-qaz sahəsinin birgə öyrənilməsi və gələcəkdə işlənilməsi məqsədilə bağlanıb.
Sazişin əsas məqsədi həmin ərazidə karbohidrogen ehtiyatlarının müəyyənləşdirilməsi, perspektiv strukturların qiymətləndirilməsi və kommersiya əhəmiyyətli ehtiyatlar aşkar edildikdə onların işlənməsi və hasilatının təşkil edilməsidir. Layihə hasilatın pay bölgüsü modeli əsasında həyata keçiriləcəkdir. Bu model geoloji-kəşfiyyat və hasilat fəaliyyətinin SOCAR ilə xarici investor arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində təşkil edilməsini nəzərdə tutur. Saziş üzrə geoloji-kəşfiyyat proqramının ilkin mərhələsində gravimetrik məlumatların toplanması planlaşdırılır. Toplanmış məlumatlar əsasında ərazinin geoloji quruluşunun və neft-qaz perspektivlərinin daha dəqiq qiymətləndirilməsi mümkün olacaq.
Aparılacaq geoloji, qravimetrik, seysmik və qazma işlərinin nəticələri ərazidə neft və qaz ehtiyatlarının mövcudluğu və kommersiya əhəmiyyəti barədə yekun qiymətləndirmənin hazırlanmasına imkan verəcək. Kommersiya baxımından əlverişli neft və ya qaz ehtiyatları aşkar edildiyi halda layihənin işlənmə və hasilat mərhələsinə keçirilməsi üçün müvafiq texniki və iqtisadi əsaslar formalaşdırılacaq.
Təqdim olunan qanun layihəsi ilə Sazişin, Azərbaycan Respublikası Hökumətinin təminatının və Sazişin əsas mətninə edilmiş 10 əlavənin qəbul və təsdiq olunması, habelə onların həyata keçirilməsinə icazə verilməsi nəzərdə tutulur.
Sazişin təsdiq edilməsi Azərbaycanın qurudakı neft-qaz potensialının daha geniş öyrənilməsinə, qabaqcıl geoloji-kəşfiyyat texnologiyalarının tətbiqinə, xarici investisiyaların cəlb edilməsinə və ölkənin enerji sektorunda beynəlxalq əməkdaşlığın inkişafına xidmət edəcək.
“Azərbaycan Respublikasının Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarının bəzi hissələrini əhatə edən ərazi (Quba Xəzəryanı) üzrə kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Gran Tierra Energy (Azerbaijan) GmbH” şirkəti və “SOCAR Quba-Xəzəryanı” MMC arasında Sazişin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib.