Bakı. Trend:
Zəngilan rayonunda Oxçuçayın üzərində inşa edilmiş “Cahangirbəyli” Kiçik Su Elektrik Stansiyasında (KSES) fəaliyyətə başladığı gündən bu ilin sentyabr ayınadək 45,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Bu barədə Azərbaycan Respublikasının Energetika Nazirliyi məlumat yayıb.
Məlumata görə, “Cahangirbəyli” KSES 2023-cü il sentyabrın 28-də istismara verilib. Stansiyanın ümumi gücü 10,5 meqavat təşkil edir və burada hər birinin gücü 5,25 meqavat olan iki hidroaqreqat quraşdırılıb.
Qeyd olunub ki, stansiyanın fəaliyyətə başladığı ilk il ərzində, yəni 2023-cü ildə 0,25 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. 2024-cü ildə istehsal həcmi 13,96 milyon kilovat-saata yüksəlib. 2025-ci ildə isə stansiyada 12,2 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Cari ilin ilk səkkiz ayında “Cahangirbəyli” KSES-də 19,2 milyon kilovat-saat elektrik enerjisi istehsal olunub. Beləliklə, stansiyada 2023-cü ilin sentyabrından 2026-cı ilin sentyabrınadək ümumilikdə 45,6 milyon kilovat-saat elektrik enerjisi istehsal edilib.
Energetika Nazirliyi qeyd edib ki, işğaldan azad edilmiş ərazilərdə bərpaolunan enerji mənbələrinin yaradılması və inkişaf etdirilməsi Azərbaycanın yaşıl enerji potensialının genişləndirilməsinə mühüm töhfə verir.
Məlumata əsasən, bu istiqamətdə həyata keçirilən layihələr elektrik enerjisi istehsalında bərpaolunan mənbələrin payının artırılması ilə yanaşı, istixana effekti yaradan qazların emissiyalarının azaldılmasına, ətraf mühitin qorunmasına və daha təmiz yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.
“Cahangirbəyli” KSES-in istismara verilməsi də işğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun bərpası və həmin ərazilərin yaşıl enerji potensialından səmərəli istifadə istiqamətində həyata keçirilən layihələrdən biridir.