“Rusiya və Amerikadakı prezident seçkilərindən öncə Azərbaycanın növbədənkənar president seçkilərinə getməsi ən doğru qərarlardan biridir”.
Bu fikirləri Metbuat.az-a siyasi şərhçi Cavanşir Abbaslı deyib.
Analitik bildirdi ki, bütün ölkə ərazisində baş tutması planlaşdırılan bu seçkilər Azərbaycanın bütün tarixi boyu baş tutacaq ən qürurverici seçki kimi tarixə düşəcək:
“Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 gün ərzində Qarabağı və ətraf rayonları erməni işğalından azad etdi. Bu sevinci bizə yaşadan şəhidlərimizə rəhmət, qazilərimizə can sağlığı arzu edirəm.
Ölkədə növbədənkənar seçkilər təyin etmək dövlət başçısının müstəsna səlahiyyətlərindən biri hesab edilir. İlham Əliyev 2018-ci ildə növbəti dəfə Azərbaycan Prezidenti seçildikdən sonra dövlətin və xalqın qarşısında duran ən mühüm problemin - ölkənin ərazi bütövlüyünün bərpası sözünü yerinə yetirdi. Ali Baş Komandanın hakimiyyətini daha da möhkəmləndirmək üçün atdığı bu addım təqdir edilməlidir.
Qarabağ məsələsi tam həll edilib. Hazırda bölgədə yaranan yeni situasiya seçkilərin keçirilməsini tələb edir. İndiki şəraitdə seçkilərə getmək geosiyasi mübarizənin Azərbaycanın daxili siyasətinə də müsbət təsir edə bilər”.
Dünyanın iki super gücü olan ölkələr - Rusiya və Amerikada gələn il keçirilməsi planlaşdırılan seçkilər barədə danışan ekspert xatırlatdı ki, zaman-zaman bu dövlətlərdən də Azərbaycana müəyyən təzyiqlər olub:
“Hazırda verdiyi bu qərar ilə Azərbaycan Prezidenti bir master-klass keçdi. Digər tərəfdən Azərbaycana qarşı son zamanlarda Avropadan gələn təzyiqlər artıb. Bu təzyiqlərin qarşıdakı vaxtlarda arta biləcəyi ehtimal olunur. Belə bir şəraitdə iqtidarın seçki qərarı verməsini təsadüfi saymaq olmaz.
Gülbəniz Hüseynli / Metbuat.az
