Bakı.Trend:
Dövlət satınalmaları yalnız xərcləmə mexanizmi deyil, yeni bizneslərin bünövrəsini qoyan və yerli sənayeni hərəkətə gətirən mühüm vasitədir.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin sədri Elnur Bağırov bu gün Bakıda keçirilən II Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində keçirilən “Sənaye platformaları və azad iqtisadi zonalar: Azərbaycan regional istehsal mərkəzi kimi” adlı panel müzakirəsində çıxışı zamanı deyib.
O qeyd edib ki, bir investorun hər hansı bir bazara, o cümlədən Azərbaycana daxil olmaq üçün rəqabətqabiliyyətli və uzunmüddətli qərar verməsi üçün fiziki platformalar güclü institusional çərçivə ilə dəstəklənməlidir.
“Bu çərçivə daxilində rəqabətli və şəffaf dövlət satınalmaları sistemi, ilkin tələbat və etibarlı bazar marşrutu təmin etməklə yeni layihələrin həyata keçirilməsi üçün ən effektiv alətlərdən biri ola bilər.
Azərbaycanın dövlət satınalmaları haqqında yeni qanunu belə müasir instituta bariz nümunədir. 2023-cü ilin iyul ayında qəbul edilən və 2024-cü ilin yanvarından qüvvəyə minən bu qanun rəqabəti, şəffaflığı, bərabər rəftarı və səmərəliliyi gücləndirməklə milli sistemi beynəlxalq qabaqcıl təcrübələrə daha da yaxınlaşdırır.
Ən əsası, qanun elektron satınalmalara keçidi də tamamladı. Yeganə e-Tender portalı vasitəsilə satınalmaların planlaşdırılması, bildirişlər və sənədlər, təkliflərin təqdim edilməsi, əlaqə, nəticələr və satınalma qeydləri vahid rəqəmsal mühitdə idarə olunur. İnvestorlar üçün bu, bazar imkanlarının daha yaxşı görünməsi, inzibati maneələrin azalması və dövlət satınalmaları vasitəsilə daha şəffaf və proqnozlaşdırıla bilən marşrut deməkdir”,- deyə o əlavə edib.
Qeyd edək ki, Bakıda İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu keçirilir. 2 gün davam edəcək forum İqtisadiyyat Nazirliyi və Nazirliyin tabeliyindəki İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin-AZPROMO-nun təşkilatçılığı, Avropa Evi-“Ambrosetti”nin strateji tərəfdaşlığı ilə baş tutur.
Tədbir çərçivəsində təşkil olunacaq plenar iclas və panel sessiyalarında Orta Dəhliz, enerji və yaşıl keçid, süni intellekt və rəqəmsal transformasiya, infrastruktur, sənaye və azad iqtisadi zonalar, kritik xammal, aqrobiznes, maliyyə əməkdaşlığı, kiçik və orta biznesin inkişafı, turizm, daşınmaz əmlak və insan kapitalına investisiyalar kimi strateji mövzular müzakirə olunacaq.