Bakı.Trend:
Qazaxıstan Baş Prokurorluğu Manqistau vilayətində təlimlər zamanı hərbçilərin həlak olması faktı ilə bağlı aparılan istintaqın gedişi barədə məlumat verib.
“Inform Buro” nəşrinin yazdığına görə, istintaqçılar hadisə yerinə baxış keçirib, 30-dan çox hərbçini dindirib, sənədləri və videomaterialları götürüb, 12 ekspertiza təyin ediblər.
“Xidməti vəzifələrinə etinadsız münasibətdə şübhəli bilinən, habelə meteoroloji şəraiti nəzərə alaraq şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi üçün nəzarəti və zəruri tədbirlərin görülməsini təmin etməyən, xilasetmə işlərini lazımi qaydada təşkil etməyən və bunun nəticəsində insanların həlak olmasına səbəb olan vəzifəli şəxslər müəyyən edilib”, – deyə məlumatda bildirilir.
Nəzarət orqanı vurğulayıb ki, istintaq bütün şübhəli şəxslərin əməllərinə tam hüquqi qiymət verəcək və onların barəsində prosessual tədbirlər görüləcək.
Qeyd edək ki, hadisə Xəzər dənizinin sahilində keçirilən təlimlər zamanı baş verib.
Qazaxıstan Müdafiə Nazirliyinin məlumatına görə, Manqistau vilayətində Qazaxıstan Respublikası Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin təlimləri zamanı havanın kəskin pisləşməsi və küləyin güclənməsi nəticəsində hərbçilər dənizə sürükləniblər.
Məlumata görə, ümumilikdə 19 hərbçi dənizə düşüb.
Hadisənin bütün hallarının müəyyənləşdirilməsi və axtarış əməliyyatının əlaqələndirilməsi məqsədilə Qazaxıstan Müdafiə Nazirliyinin komissiyası hadisə yerinə göndərilib. Komissiyaya müdafiə naziri, general-leytenant Dauren Kosanov rəhbərlik edir.