Bakı. Trend:
Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun ona qoşulması yolu ilə yenidən təşkil edilir.
Bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.
Sənədin mətni Nazirlər Kabinetinin rəsmi internet saytında dərc olunub.
Qərara əsasən, Naxçıvan Dövlət Universiteti Naxçıvan Müəllimlər İnstitutunun hüquqi varisidir, onun bütün hüquqları və öhdəlikləri, habelə əmlakı Naxçıvan Dövlət Universitetinə keçir.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi bu Qərardan irəli gələn məsələləri həll etməlidir.
Xatırladaq ki, cari ildə “Abituriyent” jurnalının 4-cü sayında qəbul aparılan ali təhsil müəssisələrinin siyahısında Naxçıvan Müəllimlər İnstitutunun adı qeyd edilməmişdi. Dövlət İmtahan Mərkəzinin (DİM) magistraturaya qəbulla bağlı açıqladığı statistik məlumatlarda da institutun 2026–2027-ci tədris ili üzrə magistratura pilləsinə qəbul aparacağı göstərilməmişdi.
Beləliklə, institut üzrə həm bakalavriat, həm də magistratura səviyyəsində qəbulun həyata keçirilməyəcəyi məlum olmuşdu.