Bakı. Trend:
ABŞ Prezidenti Donald Trampın administrasiyası İran Prezidenti Məsud Pezeşkiana və xarici işlər naziri Abbas Əraqçiyə BMT Baş Assambleyasının Nyu-Yorkda keçiriləcək yüksək səviyyəli həftəsində iştirak etmək üçün viza verilməsini təsdiqləyib.
Bu barədə Associated Press (AP) agentliyi məlumat yayıb.
ABŞ Dövlət Departamenti bildirib ki, İranın “əsas nümayəndə heyəti”, eləcə də onun fəaliyyəti üçün zəruri olan əməkdaşlar viza alıblar. “Qəbul edən ölkə kimi öhdəliklərimizə uyğun olaraq, İran rejiminin əsas nümayəndə heyəti BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsində iştirak edə biləcək”, – qurumdan bildirilib.
İran nümayəndə heyətinin hərəkətinə məhdudiyyətlər tətbiq olunacaq, həmçinin onun üzvlərinə dəbdəbəli əşyalar və bəzi digər məhsullar almaq qadağan ediləcək. Dövlət Departamenti həmçinin qeyd edib ki, 2026-cı ildə nümayəndə heyətinin tərkibi 2025-ci illə müqayisədə daha az olacaq.