Bakı.Trend:
Avropa Komissiyası 13 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən, 13-15 yaşlı yeniyetmələr üçün isə valideyn nəzarəti nəzərdə tutan "EU Kids Act" qanun layihəsini təqdim edib.
“Reuters”in məlumatına görə, qanun layihəsinə əsasən, 13 yaşadək uşaqlar yalnız valideyn və ya qəyyum tərəfindən idarə olunan hesablar vasitəsilə onlar üçün xüsusi hazırlanmış onlayn xidmətlərdən istifadə edə biləcəklər.
13-15 yaşlı yeniyetmələr sosial şəbəkələrdə valideyn hesablarına bağlı “mini-hesablar” vasitəsilə fəaliyyət göstərə biləcəklər. Bu hesablar üçün tanımadıqları şəxslərlə əlaqələrin və ekran vaxtının gündə bir saatadək məhdudlaşdırılması kimi təhlükəsizlik tədbirləri tətbiq olunacaq. Yeniyetmələrə öz sosial şəbəkə hesablarını 15 yaşdan etibarən yaratmağa icazə veriləcək.
Layihə 18 yaşadək istifadəçilər üçün sosial şəbəkələr, video xidmətləri, onlayn oyunlar, süni intellekt əsaslı virtual yoldaşlar və çat-botlara da tələblər müəyyən edir. Asılılıq yaradan funksiyalar qadağan ediləcək, yetkinlik yaşına çatmayanların profilləri standart olaraq məxfi olacaq, geolokasiya, kamera və mikrofona giriş deaktiv ediləcək.