Bakı.Trend:
Azərbaycan ilin sonunadək təxminən 3 bərpa olunan enerji stansiyasını istismara verməyi planlaşdırır.
Bunu Azərbaycan Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru Cavid Abdullayev Qobustan Günəş Elektrik Stansiyasına təşkil olunan media turu zamanı Trend-ə deyib.
“Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafını üç mərhələdə həyata keçirməyi nəzərdə tutmuşuq. Birinci mərhələ 2027-ci ilin sonunda başa çatır və həmin mərhələnin sonunadək təxminən 2 giqavat həcmində bərpa olunan enerji güclərinin istismara verilməsi nəzərdə tutulur”, - deyə o bildirib.
Onun sözlərinə görə, birinci mərhələ çərçivəsində bütün zəruri işlər artıq görülüb, müvafiq müqavilələr imzalanıb və investorlar demək olar ki, bütün mərhələlərdə iş aparırlar.
“Bu stansiya istismara verdiyimiz 11 stansiyadan üçüncüsüdür. İlin sonunadək daha təxminən üç stansiyanı istismara verə biləcəyimizi gözləyirik”, - deyə C.Abdullayev qeyd edib.
O əlavə edib ki, qalan stansiyaların hazırlıq işləri başa çatdıqca və şəbəkə infrastrukturunun onların şəbəkəyə qoşulmasına hazırlığı təmin olunduqca, növbəti illərdə istismara verilməsi planlaşdırılır.
“Şəbəkə ilə bağlı ciddi araşdırmalar aparılır. Orda da ciddi irəliləyişlərimiz var və planlaşdırırıq ki, yaxın vaxtlarda ayın sonu, və ya ayın əvvəli o təhlillərin nəticələrini də bölüşək. Həmin təhlillər bizə başa düşməyə imkan verəcək ki, ikinci mərhələdə istismara veriləcək günəş-külək obyektlərinin hansı hissəsi Azərbaycan şəbəkəsinə qoşulacaq, hansı hissəsi isə sırf ixrac üçün nəzərdə tutulacaq. Eyni zamanda şəbəkəyə qoşmaq üçün zəruri olan şəbəkə gücləndirmə işləri, ərazi baxımından bu yüklərin paylanması və təxminən bizim şəbəkəyə tələb olunacaq investisiyalar haqqında tam məlumatlı olaq ki, müəyyən qərarlar verilə bilsin", - deyə Cavid Abdullayev vurğulayıb.
O vurğulayıb ki, ikinci mərhələdən etibarən Azərbaycan müvafiq marşrutlar üzrə elektrik enerjisinin ixracı üçün də güclər yaratmağa başlamalıdır.
“Bilirsiniz ki, hazırda dörd bizim interkonnektorumuz masa üzərindədir. Biri ilə bağlı təhlillər Azərbaycan, Gürcüstan, Qara dənizin dibi ilə keçməklə Rumıniya-Macarıstan xəttinin ilkin texniki iqtisadi əsaslandırılması sənədi artıq hazırlanıb, təqdim olunub və sevindirici hal odur ki, texniki və iqtisadi cəhətdən o marşrutun cəlbedici olduğu bu tədqiqat nəticəsində bəlli olub. Və indi hal-hazırda zəruri olan və bu cəlbediciliyin daha da artırılması üçün mümkün olan bütün maliyyə mexanizmlərinin işə düşməsi üçün addımlar atılır.
Bu addımlar çərçivəsində həmin layihə hal-hazırda bizdə Avropa şəbəkəsinin 10 illik inkişaf planına daxil olunması ilə bağlı işlər yekunlaşmaq üzrədir. Eyni zamanda ondan sonra həmin layihəyə "Project of Mutual Interest", "Project of Common Interest" yəni ikitərəfli maraq və yaxud ümumi maraq statuslarından birinin alınması üzərində işlər gedəcək", - deyə o, bildirib.
O bildirib ki, bununla əlaqədar olaraq, müvafiq ölkələrin dörd ötürücü sistem operatorunun iştirakı ilə birgə müəssisə yaradılıb.
“Bununla bağlı o yaradılmış birgə müəssisə var, dörd ötürücü operator hər ölkədə şəbəkədən deməli tərəfindən, o müəssisə tərəfindən zəruri bütün işlər həyata keçirilir və o bizə imkan verəcək ki, müəyyən maliyyə institutlarının güzəştli şərtlərlə, bəzi hallarda hətta qrant şəklində o layihələrə nəsə vəsaitlər cəlb olunsun" deyə o qeyd edib.
Onun sözlərinə görə, üçüncü mərhələ daha kreativ həllər tələb eləyir.
"Çünki Azərbaycanın ağrını neft də bəxş eləyib, qaz da bəxş eləyib, yaşıl enerji də bəxş eləyib. Biz Avropanın enerji təhlükəsizliyini həmişə təmin eləmişik. İndi elektrik enerjisi ilə də, yaşıl enerji ilə də bu prosesi davam elətdirmək istəyirik. Üçüncü mərhələdə artıq o böyük ki bizdə potensial var, onun reallaşdırılması, hidrogen, digər vəsaitlərdən yararlanmağa və daha belə də digər texnologiyalardan istifadə olunmasına böyük töhfə verəcək. Və təbii ki, dünyada artan rəqəmsallaşmada data mərkəzləri və sair bunlar da böyük enerji resursları tələb eləyir. O baxımdan da təbii ki, yaradılacaq güclərin tələbat tərəfində də ciddi biz artımlar gözləyə bilərik", - deyə o qeyd edib.