Bakı.Trend:
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Gürcüstanın Azərbaycan Respublikasına yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Giorgi Zakaraşvili ilə görüşüb.
Bu barədə Gürcüstan hökumətinin rəsmi “Facebook” səhifəsində məlumat yayılıb.
Gürcüstanlı hökumət başçısı diplomatı vəzifəyə təyin olunması münasibətilə təbrik edib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Görüşdə səfirin fəaliyyətinin Azərbaycanla strateji tərəfdaşlığın daha da dərinləşdirilməsi baxımından əhəmiyyəti vurğulanıb.
Qeyd edək ki, Giorgi Zakaraşvili oktyabrın 1-dən Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri vəzifəsində fəaliyyətə başlayacaq.
Xatırladaq ki, ötən gün Gürcüstan Xarici İşlər Nazirliyinin rəsmi saytında dərc edilən məlumata görə, Zakaraşvili Gürcüstanın Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub.
Bildirilib ki, Giorgi Zakaraşvili uzun illər Gürcüstan Xarici İşlər Nazirliyinin mərkəzi aparatında və ölkənin diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb.
O, 2021-ci ildən Gürcüstanın Ukraynadakı fövqəladə və səlahiyyətli səfiri, həmçinin GUAM yanında Gürcüstanın daimi nümayəndəsi vəzifələrində fəaliyyət göstərib.
2016-2019-cu illərdə Zakaraşvili Gürcüstanın Rusiya Federasiyasındakı İsveçrə Konfederasiyasının səfirliyində Gürcüstanın Maraqlar Bölməsində nazir-müşavir vəzifəsini tutub. 2012-2016-cı illərdə isə Gürcüstanın Ukraynadakı səfirliyində və GUAM yanında daimi nümayəndəliyində nazir-müşavir vəzifəsində çalışıb.
Giorg Zakaraşvili müxtəlif dövrlərdə Gürcüstan Xarici İşlər Nazirliyinin Siyasi Departamentinin direktoru və Mərkəzi Asiya ölkələri ilə əlaqələr şöbəsinin rəhbəri vəzifələrində də fəaliyyət göstərib.