Bakı. Trend:
İlkin səhiyyə xidmətinin inkişafı istiqamətində Səhiyyə Nazirliyi və icbari tibbi sığorta sisteminin rəhbərliyi ilə müzakirələr aparılmalı və bu sahənin daha da inkişafını təmin etmək üçün qanunvericilik təklifləri dinlənilməlidir.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin Səhiyyə komitəsinin üzvü, deputat İlham Məmmədov komitənin bugünkü iclasında çıxışı zamanı deyib.
Deputat bildirib ki, ilkin səhiyyə xidmətinin inkişafı istiqamətində artıq maddi stimullar mövcuddur və bu istiqamətin daha da inkişafını təmin etmək üçün qanunvericiliklə bağlı təkliflərin dinlənilməsi məqsədəuyğundur.
O qeyd edib ki, ötən dəfə deputat Soltan Məmmədovla birlikdə Zığ ərazisində yerləşən, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və diqqəti ilə yaradılmış böyük bir mərkəzdə olublar.
İlham Məmmədovun sözlərinə görə, söhbət vərəm xəstəlikləri üzrə müalicə və reabilitasiya mərkəzindən gedir. Mərkəzdə məktəb fəaliyyət göstərir, həmçinin uşaqların müayinəsi həyata keçirilir.
“Çox müasir, olduqca yüksəksəviyyəli, bəlkə də analoqu olmayan bir mərkəzdir”, - deyə deputat bildirib.
O qeyd edib ki, həmin mərkəzin rəhbərliyi Milli Məclisin Səhiyyə komitəsinə mərkəzin ziyarət edilməsi, orada tədbirin keçirilməsi və ya müəyyən işlərin görülməsi ilə bağlı təklifin çatdırılmasını xahiş edib.
Deputat vurğulayıb ki, komitə sədrinin vərəmlə bağlı dinləmələrin keçirilməsi barədə fikri də bu baxımdan mühüm əhəmiyyət daşıyır.
“Bəli, bu məsələ əhəmiyyətlidir. Mən xatırlayıram ki, fəaliyyətim dövründə həm Yevlax Mərkəzi Xəstəxanasının baş həkimi, həm də Səhiyyə komitəsinin üzvü kimi gördüyüm ilk işlərdən biri Yevlaxda regional vərəm xəstəxanasının açılması olmuşdu”, - deyə İlham Məmmədov bildirib.
O qeyd edib ki, həmin dövrdə Baş nazir Artur Rasizadə də vərəm sahəsinin bölgələrdə inkişaf etdirilməsinin vacibliyini xüsusi qeyd edib.
Deputat bildirib ki, penitensiar sistemdə də artıq bu istiqamətdə işlər görülür və onlar bir neçə dəfə bu sahə ilə bağlı tədbirlərdə iştirak ediblər.
Onun sözlərinə görə, vərəmlə mübarizə bu gün müəyyən qədər diqqətdən kənarda qalan sahələrdən biridir.
“Bəlkə də bu gün bir qədər diqqətdən kənarda qalan sahələrdən biri məhz budur. Ancaq indi bu məsələyə yenidən diqqət yetirməyin vaxtıdır”, - deyə o vurğulayıb.
İlham Məmmədov qeyd edib ki, bu istiqamətdə diqqətin artırılmasını dəstəkləyirlər və Sultan Məmmədovla birlikdə ziyarət etdikləri mərkəz yüksək səviyyədə təşkil olunub.
O hesab edir ki, Səhiyyə komitəsinin münasib vaxtda həmin mərkəzə səfər etməsi məqsədəuyğun olar.
Deputat Soltan Məmmədov isə bildirib ki, həmin reabilitasiya mərkəzi kimi məhz onun dairəsində yerləşir.
“Onun üçün böyük məmnuniyyətlə biz komitə üzvləri ilə birlikdə bura səfəri təşkil edərik”, - deyə S.Məmmədov əlavə edib.

