Bakı. Trend:
Mərkəzi Bank tərəfindən ayrı-ayrı maliyyə institutları səviyyəsində deyil, onların daxil olduğu bütövlükdə maliyyə qrupları üzrə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulur.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov komitənin bugünkü iclasında “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.
O bildirib ki, təklif olunan dəyişikliklər FATF-in Maliyyə Fəaliyyəti üzrə İşçi Qrupunun 26-cı və 27-ci tövsiyələri əsasında hazırlanıb.
“Başlıca məqsəd maliyyə requlyatoru və nəzarətedici qurum kimi Mərkəzi Bank tərəfindən ayrı-ayrı maliyyə institutlarına deyil, onların daxil olduğu bütövlükdə maliyyə qruplarına münasibətdə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi risklərinin qiymətləndirilməsi və nəzarət tədbirlərinin həyata keçirilməsidir”, - deyə komitə sədri qeyd edib.
Azər Əmiraslanovun sözlərinə görə, nəzarət bir bank, bir sığorta şirkəti və ya bir investisiya şirkəti səviyyəsində deyil, həmin maliyyə institutlarının daxil olduğu bütöv maliyyə qrupu səviyyəsində həyata keçiriləcək.
O qeyd edib ki, burada sistemli risk əsaslı nəzarət nəzərdə tutulur. Bu çərçivədə risk profilinin qiymətləndirilməsi aparılacaq və nəzarətin intensivliyi müəyyən ediləcək.
“Əgər risk yüksəkdirsə, nəzarət daha intensiv olacaq, risk aşağıdırsa, nəzarət daha uyğun səviyyədə təşkil ediləcək”, - deyə komitə sədri bildirib.
Onun sözlərinə görə, qanunvericilikdə maliyyə regulyatorunun leqallaşdırmaya qarşı mübarizə məqsədilə risk qiymətləndirməsi aparacağı və nəzarəti həyata keçirəcəyi konkret hallar da müəyyənləşdirilir.
Azər Əmiraslanov bildirib ki, maliyyə qrupunun və ya maliyyə institutunun idarəetmə və təşkilati strukturunda dəyişiklik baş verərsə, benefisiar mülkiyyətçilərin siyahısı dəyişərsə, fəaliyyət növlərində, müştəri bazasında və ya coğrafi fəaliyyət dairəsində mühüm dəyişikliklər olarsa, risk profili yenidən qiymətləndiriləcək.
O əlavə edib ki, digər mühüm meyar maliyyə qrupunun və ya maliyyə şirkətinin əməliyyatlarının miqyasında artımla bağlıdır. Belə ki, il ərzində əməliyyatların miqyası 40 faiz və ya daha çox artarsa, avtomatik olaraq əlavə risk qiymətləndirilməsi aparılacaq.
Millət vəkili vurğulayıb ki, bu, risk əsaslı nəzarətin əsas meyarlarından biri olacaq.
“Bu qanunvericilik aktı FATF-in tələblərinin yerinə yetirilməsi baxımından növbəti addımlardan biri olacaq”, - deyə o bildirib.
