Bakı. Trend:
Nepalda avqustun 26-da baş vermiş daşqınlardan sonra itkin düşən şəxslərin sayı 6150 nəfərə çatıb. Bir gün əvvəl bu rəqəm 5179 nəfər olub.
Bu barədə Nepalın fəlakətlərlə mübarizə üzrə qurumu məlumat yayıb.
“Biz itkin düşən şəxslərlə bağlı məlumatları rayon idarələrindən toplamışıq və yoxlamadan sonra məlumatları yeniləmişik”, - fəlakətlərlə mübarizə üzrə qurumun nümayəndəsi Şanti Mahat AFP-yə bildirib.
Eyni qurumun məlumatına görə, tapılan meyitlərin sayı 1403-ə çatıb, onlardan 105-nin şəxsiyyəti müəyyən edilib. Sərhədin digər tərəfində, Çində isə dövlət mediasının məlumatına görə, 43 nəfər ölüb, 519 nəfər itkin düşüb. Nepal və Çin sərhədində dağlıq ərazidə buzlaqın dağılması nəticəsində baş verən dağıdıcı hadisə ilə bağlı hər iki ölkə üzrə ümumi ölənlərin sayı hazırda 1446 nəfər, itkin düşənlərin sayı isə ən azı 6669 nəfər təşkil edir. İtkin düşənlər arasında turistlər və zəvvarlar da daxil olmaqla, yüzlərlə əcnəbi var.
Daşqınların miqyası şahidlər üçün görünməmiş səviyyədə olub. Nepal hökuməti qlobal istiləşmənin Himalay dağlarına dağıdıcı təsirlərinə diqqət çəkir. Əhalisi 30 milyon nəfər olan Nepal əsasən kənd təsərrüfatı ölkəsidir.
Baş nazir Balendra Şah gələn həftə hökumət başçısı kimi ilk xarici səfərini həyata keçirəcək və bu aktual məsələ ilə bağlı BMT Baş Assambleyasına müraciət edəcək. Nepal hesab edir ki, dağıdıcı daşqınlardan sonra yenidənqurma xərcləri 4,78 milyard dollar təşkil edəcək.