Bakı.Trend:
Özbəkistanın Mütərəqqi İslahatlar Mərkəzi (CPR) və Azərbaycanın CASPIA analitik mərkəzi iki ölkənin ticarət imkanları barədə məlumatları bir araya gətirəcək və biznesə əməkdaşlıq üçün yeni istiqamətlər tapmağa kömək edəcək informasiya platformasının yaradılması üzərində çalışır.
Trend-in müxbiri xəbər verir ki, bu barədə Özbəkistan CPR-nin rəhbəri Mirşohid Aslanov “Azərbaycan-Özbəkistan biznes barometri” təşəbbüsünün təqdimatı çərçivəsində jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, platforma şirkətlərə iki ölkənin bazarlarını daha yaxşı anlamağa, mövcud ticarət potensialını qiymətləndirməyə və biznesin yeni bazarlara çıxışını asanlaşdırmağa kömək edəcək.
“Biz ölkələrimiz arasında ticarətin və biznesin inkişafına töhfə verəcək informasiya platforması yaratmaq istəyirik”, - deyə Aslanov bildirib.
O qeyd edib ki, analitik mərkəzlər də bazarları daha dərindən araşdırmaq və biznesə dəstək göstərmək üçün platformadan istifadə edə biləcəklər.
Aslanovun sözlərinə görə, hazırda CPR CASPIA ilə birlikdə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələr arasında ticarət statistikalarını özündə əks etdirən müvafiq informasiya resursu üzərində artıq işləyir.
O bildirib ki, ilkin mərhələdə Özbəkistan və Azərbaycan üzrə məlumatlara diqqət yetirilməsi planlaşdırılır. Bununla analitik mərkəzlərin ticarət-iqtisadi əlaqələrin inkişafı üçün məlumatlardan necə istifadə edə biləcəyi nümayiş etdiriləcək.
Bununla yanaşı, Aslanov ikitərəfli ticarətin əhəmiyyətli potensiala malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, 2025-ci ilin yekunlarına əsasən, iki ölkə arasında ticarət dövriyyəsi 800 milyon dolları ötüb.