Bakı.Trend:
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Masdar" şirkəti və "Azerbaijan Green Energy Company" (AGEC) elektrik enerjisinin fasiləsiz verilişini təmin edəcək 100 MVt gücündə bərpa olunan enerji layihəsinin həyata keçirilməsi imkanlarını araşdıracaq.
Təmiz enerji sahəsində dünya liderlərindən biri olan "Masdar" Azərbaycanda bərpa olunan enerji sahəsində yeni layihələrin həyata keçirilməsi imkanlarını araşdırmaq məqsədilə AGEC ilə əməkdaşlıq haqqında saziş imzaladığını açıqlayıb.
“Planlaşdırılan layihə etibarlı və idarəolunan elektrik enerjisi təchizatını təmin etmək məqsədilə bərpa olunan enerji mənbələrindən enerji istehsalı və iri həcmli enerji saxlama sistemlərinin birləşdirilməsi sahəsində "Masdar"ın artan təcrübəsinə əsaslanacaq”, - deyə şirkətin məlumatında bildirilir.
"Masdar"ın "Emirates Water and Electricity Company" (EWEC) ilə birgə Əbu-Dabidə həyata keçirdiyi fasiləsiz enerji istehsalına dair iri layihə 5,2 QVt gücündə günəş fotovoltaik elektrik stansiyasının və 19 QVt·st tutumunda enerji saxlama sisteminin tikintisini nəzərdə tutur. Layihə bərpa olunan enerji mənbələri hesabına fasiləsiz 1 QVt-a qədər baza gücünün təmin edilməsinə imkan verəcək. Layihə üzrə maliyyə bağlanışı 2026-cı ilin iyulunda baş tutub.
“Masdarın inkişaf etmiş və sürətlə böyüyən bərpa olunan enerji bazarlarını, eləcə də günəş enerjisi, quruda və dənizdə külək enerjisi, enerji saxlama sistemləri və hibrid həllər daxil olmaqla, bütün texnologiyalar spektrini əhatə edən 65 QVt-dan çox gücə malik şaxələndirilmiş portfeli var. 2030-cu ilədək 100 QVt bərpa olunan enerji gücünə çatmaq istiqamətində aydın strategiyaya malik olan "Masdar" prioritet bazarları ardıcıl şəkildə inkişaf etdirməklə və dünya üzrə elektrik enerjisinə sürətlə artan tələbatı ödəmək üçün etibarlı və əlçatan təmiz enerji təqdim etməklə qlobal mövcudluğunu genişləndirməyə davam edir”, - deyə şirkətdən bildirilib.