Bakı. Trend:
Zəngəzur dəhlizinin Azərbaycan-Türkiyə və Avropa-Asiya bağlantısında xüsusi əhəmiyyəti var, dəhlizin Azərbaycan ərazisindəki avtomobil yolu layihəsinin təxminən 95 faizi, dəmir yolu layihəsinin isə 75 faizi artıq icra olunub.
Trend-in tədbirdəki müxbirinin xəbərinə görə, bu fikirləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin xarici işlər naziri Hakan Fidanla Bakıda birgə keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazir bildirib ki, Zəngəzur dəhlizi Azərbaycanı Türkiyə ilə birləşdirən, Azərbaycan və Türkiyə üzərindən Avropanı Mərkəzi Asiya, Avropanı Asiya ilə birləşdirən Orta Dəhlizin yeni istiqaməti kimi xüsusi önəm daşıyır.
O qeyd edib ki, Türkiyə ərazisində Qars-İğdır-Dilucu istiqamətində 224 kilometrlik hissədə işlər artıq həyata keçirilir.
“Azərbaycanın əsas hissəsində yeni nəqliyyat infrastrukturunun yaradılması sürətlə davam edir”, – deyə C.Bayramov vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsində Ermənistan sərhədi istiqamətində avtomobil yolu layihəsinin icrası təxminən 95 faiz, dəmir yolu layihəsinin icrası isə təxminən 75 faiz təşkil edir. Hər iki layihənin Azərbaycan ərazisində 2027-ci ilin ilk yarısında başa çatdırılması nəzərdə tutulur.
Nazir bildirib ki, layihənin digər hissəsi Naxçıvan Muxtar Respublikası ərazisində təxminən 190 kilometrlik dəmir yolu bağlantısını əhatə edir.
“Bilirsiniz ki, hələ sovet dövründən bu dəmir yolu mövcud idi. Ancaq son 30 ildən artıq müddət ərzində demək olar ki, istifadəsiz halda idi. Ona görə həmin ərazidə də yenidənqurma işlərinin aparılması önəmlidir və hazırda orada da işlər başlanılıb”, – deyə o əlavə edib.
C.Bayramov qeyd edib ki, dəhlizin Türkiyə ərazisi və Naxçıvan hissələrindən sonra çatışmayan halqa Ermənistan ərazisindən keçən təxminən 42 kilometrlik hissədir.
O xatırladıb ki, ötən il Vaşinqtonda keçirilmiş sammitdə əldə olunan razılaşmalardan biri də TRIPP layihəsi ilə bağlı olub. Onun sözlərinə görə, bu layihə məhz Zəngəzur dəhlizinin tərkib hissəsi olan həmin 42 kilometrlik ərazidə nəqliyyat infrastrukturunun qurulmasını nəzərdə tutur.
“Mütəmadi olaraq Amerikadan olan tərəfdaşlar bizi işlərin gedişatı barədə məlumatlandırırlar”, – deyə nazir bildirib.
C.Bayramov vurğulayıb ki, söhbət Ermənistan ərazisində yerləşən kommunikasiyalardan getsə də, həmin hissənin həm giriş, həm də çıxış nöqtəsi Azərbaycan ərazisi, yəni Azərbaycan sərhədidir və dəhliz yalnız bu formada fəaliyyət göstərə bilər.
Nazirin sözlərinə görə, Azərbaycan tərəfinə verilən son məlumata əsasən, hazırda layihələndirmə və şirkətin qurulması işləri davam edir və bunların cari il ərzində başa çatdırılması gözlənilir. Fiziki işlərin başlanması isə 2027-ci ilin əvvəlinə planlaşdırılır.
“Bu, ən son məlumatdır. Ümumilikdə isə hesab edilir ki, fiziki işlər başlayandan sonra kifayət qədər qısa müddət ərzində bu hissəni də başa çatdırmaq mümkündür. Çünki nəticə etibarilə ərazi özü böyük deyil. Biz 40 kilometrdən bir qədər artıq bir məsafə barədə danışırıq”, – deyə C.Bayramov bildirib.
O əlavə edib ki, həmin hissənin də kifayət qədər qısa müddətdə tamamlanması mümkündür. Bununla da Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında Ermənistan üzərindən birbaşa bağlantı təmin ediləcək.
C.Bayramovun sözlərinə görə, Naxçıvan üzərindən Türkiyəyə, oradan isə Türkiyənin və Azərbaycanın əsas nəqliyyat infrastrukturuna keçidin təmin olunması nəticəsində Avropadan Türkiyə və Azərbaycan üzərindən Mərkəzi Asiyaya uzanan yeni və mühüm bağlantı istiqaməti yaranacaq.