Bakı. Trend:
“Anthropic”, “OpenAI” və “Google” süni intellekt sahəsində standartların hazırlanması məqsədilə birgə sənaye təşkilatının yaradılması imkanını müzakirə edirlər.
Bu barədə “Information” mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, üç şirkət süni intellekt standartları üzrə ortaq qurumun yaradılması ilə bağlı danışıqlar aparır. Şirkətlərin nümayəndələri iyul ayından etibarən bu məqsədlə işçi qrupunun görüşlərində iştirak edirlər.
Mənbələr bildiriblər ki, keçirilən görüşlər üç şirkətin rəhbərliyi tərəfindən səsləndirilən ictimai bəyanat və təkliflərdən əlavə, konkret addımlar atmağa hazırlığın olduğunu göstərir. Mənbələrdən biri görüşlərdən birinin ötən həftə keçirildiyini qeyd edib. Eyni zamanda, “Meta”nın bu təşəbbüslə bağlı mövqeyinin hələlik bəlli olmadığı vurğulanıb.
Qeyd edək ki, “Anthropic” şirkətinin baş direktoru Dario Amodei daha əvvəl güclü süni intellekt modellərinin onları dayandırmaq cəhdlərinin qarşısını almaq imkanına malik ola biləcəyini bildirib. O, şənbə günü təhlükəsizliklə bağlı narahatlıqlar səbəbindən süni intellektin inkişaf tempinin azaldılmasına çağırıb. Milyarder İlon Mask və “OpenAI”nin baş direktoru Sem Altman da bu fikri dəstəklədiklərini bildiriblər.