Bakı. Trend:
ABŞ administrasiyasının rəhbəri Donald Tramp bildirib ki, hələlik vitse-prezident Cey Di Vensin 2028-ci ildə keçiriləcək prezident seçkilərində Respublikaçılar Partiyasından namizədliyini dəstəkləməyə hazır deyil.
“Hazırda bunun üçün çox tezdir. O, möhtəşəmdir, bizim çoxlu sayda möhtəşəm insanımız var”, - deyə Tramp İrlandiyadan ABŞ-y' uçmazdan əvvəl jurnalistlərlə söhbəti zamanı bildirib.
ABŞ prezidentindən Vensə kimin rəqib ola biləcəyi barədə dəqiqləşdirmə istənildikdə, o, “onların hamısı çox yaxşıdır” deyə cavab verib.
Sentyabrın 10-da Dallasda keçirilən Respublikaçılar Partiyasının milli qurultayının nümayəndələri Vensi ABŞ-nin növbəti lideri kimi alqışlayıblar. Onun çıxışı zamanı iştirakçılar “qırx səkkizinci” şüarını səsləndirməyə başlayıblar. Hazırkı Vaşinqton administrasiyasının rəhbəri Donald Tramp ABŞ-nin 45-ci və 47-ci prezidentidir. ABŞ-da növbəti prezident seçkilərinin qalibi ölkənin 48-ci prezidenti olacaq. Vens isə səslənən şüarlara cavab olaraq bildirib ki, ilk növbədə noyabrda keçiriləcək Konqresə aralıq seçkiləri ilə bağlı məsələləri həll etmək, yalnız bundan sonra isə gələcəkdə baş verəcəkləri düşünmək lazımdır.