Bakı. Trend:
Braziliyanın bir neçə şəhərində bazar günü oktyabrda keçiriləcək seçkilərdə yeni müddətə namizədliyini irəli sürəcək solçu prezident Luis İnasio Lula da Silvaya dəstək məqsədilə minlərlə insan nümayiş keçirib.
Hakimiyyət Rio-de-Janeyro, Braziliya və San-Paulu şəhərlərində keçirilən aksiyalarda iştirakçıların sayı barədə məlumat verməyib. Paytaxtda Lulanın həyat yoldaşı Rozanjela “Janşa” da Silva yürüşə başçılıq edib. Bu barədə hadisə yerində olan AFP jurnalistləri məlumat veriblər.
Bu nümayişlər Lulanın əsas rəqibi, senator Flavio Bolsonaronun korrupsiya və çirkli pulların yuyulması ilə bağlı istintaqa cəlb edildiyi bir vaxtda keçirilib. Araşdırma onun atası, 2019–2022-ci illərdə Braziliyanın ifrat sağçı prezidenti olmuş Jair Bolsonaro haqqında “Dark Horse” filminin maliyyələşdirilməsi ilə bağlıdır.
Rio-de-Janeyro və Braziliyada çoxlu sayda nümayişçi Lulanın Əməkçilər Partiyasının qırmızı köynəklərini geyinərək yürüşə qatılıb və üzərində “ifrat sağ çürüyüb və korrupsiyaya bulaşıb” şüarı yazılmış plakatlar qaldırıblar. San-Pauluda isə yağış altında daha kiçik mitinq keçirilib.
Prezident seçkilərinin ilk turu oktyabrın 4-də keçiriləcək. İkinci turun oktyabrın 25-də baş tutacağı ehtimalı yüksək olduğu üçün sorğularda 80 yaşında dördüncü prezidentlik müddətinə can atan Lula ilə Flavio Bolsonaro arasında ciddi rəqabət var.