Bakı. Trend:
Cari ilin birinci yarısında Avropa İttifaqının 27 üzv ölkəsi, həmçinin Norveç və İsveçrədə ümumilikdə 332 min sığınacaq müraciəti qeydə alınıb.
Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 17 faiz azdır və 2021-ci ildən bəri yarım ildə qeydə alınan ən aşağı göstəricidir.
Avropa Sığınacaq Agentliyinin məlumatına görə, azalmaya bir sıra paralel proseslər səbəb olub. Venesuela və Suriya vətəndaşlarının müraciətlərində əhəmiyyətli azalma müşahidə edilsə də, Sudan, Banqladeş və Haiti vətəndaşlarının müraciətləri artıb. Əfqanıstan vətəndaşları 39 min müraciətlə ən böyük qrupu təşkil edib.
Fransa, İtaliya, İspaniya və Almaniya birlikdə bütün müraciətlərin təxminən dörddəüçünü qəbul edib. Belçikada isə 12 min 285 müraciət qeydə alınıb ki, bu da ümumi sayın 3,7 faizinə bərabərdir. Əhali sayına nisbətdə Belçika 1 milyon nəfərə 1028 müraciətlə 7-ci yerdə qərarlaşıb.
İyun ayında Avropanın yeni Miqrasiya və Sığınacaq Paktı qüvvəyə minib. Sənəd təhlükəsiz mənşə ölkələrinin siyahısı əsasında bəzi müraciətlərin daha sürətli araşdırılmasını nəzərdə tutur.