Bakı. Trend:
COP31-in keçirilməsi üçün Türkiyənin Antalya şəhərində ümumi sahəsi 1,5 milyon kvadratmetr olan tədbir ərazisi hazırlanıb.
Trend-in tədbirdəki müxbirinin məlumatına görə, bunu Türkiyə Respublikasının Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi Nazirliyinin Dəstək Xidmətləri İdarəsinin rəisi Ahmet Sami Kulaklıoğlu "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "COP31: əməliyyatların idarə edilməsi" tədbirində deyib.
Onun sözlərinə görə, COP31-in keçiriləcəyi ərazidə "Mavi Zona" və "Yaşıl Zona" vahid məkanda yerləşəcək.
"COP31 ərazisi ümumilikdə 1,1 milyon kvadratmetr sahədə qurulub. Bunun təxminən 527 min kvadratmetri Mavi Zonanın, 582 min kvadratmetri isə Yaşıl Zonanın payına düşür. Ətraf ərazilərin abadlaşdırılması və avtodayanacaqlarla birlikdə ümumi sahə 1,5 milyon kvadratmetrə çatır", - deyə A.S.Kulaklıoğlu bildirib.
O qeyd edib ki, tədbir iştirakçılarının rahat hərəkətini təmin etmək üçün Mavi və Yaşıl zonalar, eləcə də VVIP qonaqlar üçün ayrıca nəqliyyat marşrutları müəyyənləşdirilib.
Nazirlik rəsmisinin sözlərinə görə, COP31 Antalya 181 357 kvadratmetr qapalı sahədə keçiriləcək. Bu ərazinin 39 710 kvadratmetri daimi, 141 647 kvadratmetri isə müvəqqəti tikililərdən ibarət olacaq.
"Mavi Zonada Baş Assambleya zalları, VVIP zalları, müzakirə zalları, media mərkəzi, COP31 Sədrliyinin ofisi, Birləşmiş Millətlər Təşkilatının ofisləri, yan tədbir sahələri, pavilyonlar və nümayəndə heyətlərinin ofisləri yerləşəcək", - deyə o əlavə edib.
A.S.Kulaklıoğlu bildirib ki, Mavi Zonaya bütün girişlər vahid giriş nöqtəsindən həyata keçiriləcək. Burada akkreditasiya kartlarının verilməsi və təhlükəsizlik yoxlamaları üçün 30 keçid məntəqəsi yaradılacaq.
O, həmçinin qeyd edib ki, COP31 çərçivəsində 11-12 noyabr tarixlərində keçiriləcək Liderlər Sammiti üçün ayrıca VVIP giriş nöqtəsi nəzərdə tutulub.
"VVIP girişindən yalnız liderlər və onların üç nəfərdən ibarət heyəti istifadə edə biləcək. Onlar girişdən qarşılama məntəqəsinə, oradan isə VVIP zalına keçəcəklər", - deyə A.S.Kulaklıoğlu vurğulayıb.
Nazirlik rəsmisi Antalyanın COP31 iştirakçılarını qəbul etmək üçün geniş imkanlara malik olduğunu da bildirib.
"630 kilometrlik sahil zolağı və güclü qonaqlama infrastrukturu ilə Antalya dünyanın ən çox üstünlük verilən turizm destinasiyalarından biridir. Hər il milyonlarla qonağı qəbul edən Antalya və Antalya Hava Limanı bu miqyasda tədbirə ev sahibliyi etmək üçün lazımi tutum və imkanlara malikdir", - deyə o bildirib.
Onun sözlərinə görə, 650 min çarpayı tutumuna malik Antalya turizm mərkəzində COP31 tədbir ərazisinə yaxın şəhər mərkəzi, Qalaici, Lara, Kundu və Belek bölgələrində təxminən 300 min çarpayı tutumlu yerləşmə imkanları mövcuddur.
A.S.Kulaklıoğlu COP31 iştirakçılarına Antalyanın tarixi və mədəni məkanlarını, o cümlədən Perge, Aspendos, Side və Pataranı ziyarət etməyi də tövsiyə edib.