Bakı.Trend:
BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) metanın tutulması sahəsində Azərbaycanla əməkdaşlığa ümid edir.
Bu barədə BMT-nin Avropa İqtisadi Komissiyasının (UNECE) icraçı katibinin müavini Dmitri Mariyasin Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində Trend-ə verdiyi özəl müsahibədə bildirib.
Onun sözlərinə görə, UNECE Azərbaycanla Cenevrədəki Daimi Nümayəndəliyi, eləcə də Bakıda müxtəlif nazirliklər və dövlət qurumları vasitəsilə sıx əməkdaşlıq edir.
“Əməkdaşlığımızın əsas istiqamətlərinə nəqliyyat, xüsusilə bağlantılılıq məsələləri, Orta Dəhliz, həmçinin ətraf mühit, o cümlədən su ehtiyatları və transsərhəd sular sahəsində əməkdaşlıq daxildir. Əməkdaşlıq enerji sektorunu, o cümlədən enerji səmərəliliyi, hidrogen və metan emissiyalarının azaldılması məsələlərini də əhatə edir. Metan hazırda həm region, həm də bütün dünya, eləcə də iri neft və qaz ixracatçısı olan Azərbaycan üçün mühüm mövzudur”, – deyə o əlavə edib.
D. Mariyasin Azərbaycanın Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üzrə BMT-nin Xüsusi Proqramı (SPECA) çərçivəsində liderliyini də qeyd edib:
“Azərbaycanın rəhbərliyi ilə 2023-cü ilin noyabrında Bakıda SPECA-nın tarixində ilk sammit keçirildi. Bunun nəticəsində çox mühüm təşəbbüs – SPECA Çoxtərəfli Məqsədli Fondu yaradıldı. Artıq maliyyələşdirilən bu fonda Azərbaycanın töhfəsi də var və o, Azərbaycan da daxil olmaqla, Mərkəzi Asiyada regional əməkdaşlığın praktiki nəticələrinin əldə olunmasına kömək edəcək”.
Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) üzrə daşımaların rəqəmsallaşdırılmasından danışan D. Mariyasin qeyd edib ki, rəqəmsallaşdırma üzrə yol xəritəsi 2023-cü ildə Bakıda keçirilən sammitdə ölkə liderləri tərəfindən təsdiqlənib.
Onun sözlərinə görə, yol xəritəsində nəzərdə tutulan istiqamətlərdən biri TIR Konvensiyasının tam rəqəmsallaşdırılması olub.
“Hazırda elektron TIR sistemi Mərkəzi Asiyadan Azərbaycan üzərindən Avropaya qədər fəaliyyət göstərir. Bu, böyük nailiyyətlərdən biridir. Bu, yol xəritəsinin bir hissəsi idi və bu vəzifə yerinə yetirilib. TIR sistemi yük maşınlarının marşrut üzrə yük açılmadan bir neçə gömrük sərhədindən keçməsinə imkan verir. Bütün zəruri gömrük sənədləri rəsmiləşdirildikdən sonra yük maşını yola düşmə məntəqəsində möhürlənir və zəmanət sistemi tətbiq olunur. Daha sonra yük maşını sürətləndirilmiş marşrutla hərəkət edir və təyinat məntəqəsinə çatana qədər gömrük orqanları tərəfindən açılmır”, – deyə D. Mariyasin bildirib.
O qeyd edib ki, hazırda UNECE rəqəmsallaşdırmanın digər elementləri, o cümlədən avtomobil daşımaları üçün rəqəmsal yük qaiməsi olan elektron CMR, eləcə də müvafiq məsuliyyət rejimi üzərində işləyir.
“Biz həmçinin UNECE çərçivəsində fəaliyyət göstərən BMT-nin Ticarət Prosedurlarının Sadələşdirilməsi və Elektron Biznes üzrə Mərkəzinin (UN/CEFACT) elektron ticarət standartlarından dəyər zəncirinin bütün mərhələləri üzrə əməliyyatların dəstəklənməsi məqsədilə istifadə üzərində işləyirik. UNECE-nin himayəsi altında fəaliyyət göstərən Orta Dəhliz üzrə Koordinasiya Komitəsi mühüm rol oynayır. Biz tariflərin, rəqəmsal həllərin, gömrük prosedurlarının, eləcə də dəhlizin fəaliyyət göstərməsi üçün zəruri olan bütün qayda və normaların razılaşdırılması üzərində işləyirik”, – deyə o bildirib.
Onun sözlərinə görə, təxminən il yarım əvvəl Daşkənddən İstanbula və geriyə konteyner daşınmasının modelləşdirilməsi bir sıra mövcud problemləri üzə çıxarıb.
“Biz müəyyən etdik ki, prosedurların və rəqəmsal alətlərin uyğunlaşdırılması baxımından hələ də həllini gözləyən çoxsaylı “darboğazlar”, uyğunsuzluqlar və məsələlər mövcuddur. Növbəti vəzifə bu “darboğazların” ardıcıl şəkildə aradan qaldırılmasıdır”, – deyə D. Mariyasin bildirib.
O qeyd edib ki, Avropa İttifaqının "Global Gateway" təşəbbüsü, Asiya İnkişaf Bankı, CAREC proqramı tərəfindən dəstəklənən, həmçinin Çin və Körfəz ölkələrindən həyata keçirilən böyük investisiyaların ekspeditorlar, gömrük orqanları və rəqəmsal xidmət təminatçıları üçün əsas və ümumi, uyğunlaşdırılmış dil kimi BMT-nin alətlərindən, qayda və normalarından istifadə etməsini təmin etmək lazımdır.
D. Mariyasin yaxın illərdə UNECE ilə Azərbaycan arasında həyata keçirilə biləcək layihə və təşəbbüslərdən də danışıb:
“BMT-nin rəqəmsal ticarət standartlarının Azərbaycanda və onun Transxəzər marşrutu boyunca qonşu ölkələrlə ticarətində – UN/CEFACT adlandırılan standartlarının sınaqdan keçirilməsinin vacibliyini xüsusi qeyd etmək istərdim”.
Onun sözlərinə görə, UNECE bu həftə TRACECA ilə birgə sözügedən məsələyə həsr olunmuş seminar keçirib.
O, digər istiqamət kimi su ehtiyatları sahəsində əməkdaşlığı qeyd edib:
“Biz UNECE-nin Su Konvensiyasının iştirakçısı kimi Azərbaycanla çox sıx işləyirik və su və göl ehtiyatlarının birgə istifadəsi məsələlərində region ölkələri ilə gələcək əməkdaşlığa ümid edirik. Mühüm istiqamətlərdən biri metan emissiyalarının azaldılmasıdır. Neft və qaz hasil edən və ixrac edən hər bir ölkədə olduğu kimi, Azərbaycanda da köhnə quyular mövcuddur. Xəzər dənizi ətrafındakı qonşu ölkələrdə də vəziyyət eynidir. Metanın tutulması, faydalı enerjiyə çevrilməsi və bununla da atmosferə atılan emissiyaların azaldılması, həmçinin biznes əməliyyatlarının səmərəliliyinin artırılması üçün çox iş görmək mümkündür”.
D. Mariyasin vurğulayıb ki, bu istiqamət iqlim gündəliyinin bir hissəsidir və UNECE-nin Azərbaycanın enerji sektoru ilə birgə həyata keçirməyə ümid etdiyi mühüm layihələrdən biridir.