Bakı. Trend:
İran ölkəyə hücum edənlər qarşısında var gücü ilə özünü müdafiə edəcək və qarşı tərəfi tam peşman edəcək.
Bunu İran prezidenti Məsud Pezeşkian “X” sosial şəbəkəsindəki hesabında paylaşımında yazıb.
“İran həmişə müharibəyə qarşı olub və müharibə odunu alovlandırmaqdan çəkinməklə region xalqlarının mənafeyi və təhlükəsizliyinin qorunmasının vacibliyini qeyd edib.
Lakin bu günə qədər hücum qarşısında şücaətlə özünü müdafiə edib. Bu müdafiəni hücum edən tərəfləri tam şəkildə peşman edənə qədər davam edəcək və İran xalqının hüququnu müdafiə edəcək”, - deyə o qeyd edib.
Xatırladaq ki, iyulun 8-də ABŞ Prezidenti Donald Tramp atəşkəsin pozulduğunu bəyan edərək İrana qarşı yeni zərbələrə göstəriş verib. Buna cavab olaraq İran ABŞ-nin Fars körfəzi regiondakı hərbi obyektlərini raket və pilotsuz uçuş aparatları ilə hədəfə alıb. Vaşinqton İranın danışıqlara qayıda biləcəyini istisna etməsə də, Hörmüz boğazının təhlükəsizliyi, nüvə proqramı və digər məsələlər ətrafındakı fikir ayrılıqları sülh prosesinin gələcəyini qeyri-müəyyən saxlayır. Hazırda Hörmüz boğazında ticarət gəmiçiliyi yenidən demək olar ki, iflic vəziyyətə gəlib.