Bakı. Trend:
Finlandiya Rusiya ilə sərhədində 200 kilometr uzunluğunda hasarın tikintisini başa çatdırıb.
Bu barədə Finlandiya Sərhəd Mühafizəsi məlumat yayıb.
Bildirilib ki, 2024-cü ildə başlanılan layihənin ümumi dəyəri 365 milyon avro təşkil edib. İki il ərzində 4,5 metr hündürlüyündə 200 kilometrlik hasar, yol infrastrukturu və müşahidə sistemləri inşa olunub.
Layihənin icrasında yüzlərlə Finlandiya şirkəti iştirak edib. Tikinti işləri zamanı hər gün 600-dək işçi və 165 texnika cəlb olunub.
Finlandiya Sərhəd Mühafizəsinin rəisi Markku Hassinen bildirib ki, hasar sərhədə effektiv nəzarəti təmin etməyə, vəziyyət barədə məlumatlılığı artırmağa və sərhəd patrullarının hərəkət imkanlarını genişləndirməyə kömək edəcək.