Bakı. Trend:
“The Guardian” qəzetində yayımlanan qərəzli məqalə ilə bağlı Azərbaycanın Britaniyadakı səfirliyinin müşaviri Günel Səlimovanın qəzetin redaksiyasına ünvanladığı cavab məktubu dərc olunub.
Məktubda müəllifin fikirlərinin əksinə olaraq, sözügedən filmin şovinist mövqe ehtiva etdiyi və mövcud reallığı əks etdirmədiyi qeyd olunub.
Həmçinin keçmiş münaqişədən bəhs edilərkən Azərbaycan xalqının yaşadığı faciələrin, işğalın humanitar və sosial nəticələrinin, eləcə də davam edən mina təhlükəsinin nəzərə alınmasının vacibliyi vurğulanıb. Məktubda keçmiş münaqişənin səbəbinin Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi olduğu və Azərbaycanın 2020-ci ildə öz ərazi bütövlüyünü bərpa etdiyi də diqqətə çatdırılıb.
Azərbaycan və Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində mühüm irəliləyişlərin əldə edildiyi, iki ölkə liderlərinin son görüşlərində sülh və normallaşma prosesinin artıq konkret nəticələrinin müzakirə edildiyi vurğulanıb. Bu xüsusda iki ölkə arasında ticarət əlaqələrinin bərpası, sərhədlərin delimitasiyası və regional bağlantı layihələrinin müzakirə olunması qeyd edilib.
Azərbaycan tərəfinin diqqətin keçmiş münaqişənin yaratdığı bölünmələrə deyil, regionda sülh, əməkdaşlıq və qarşılıqlı etimadın möhkəmləndirilməsi istiqamətində əldə olunan müsbət nəticələrə yönəldilməsinin tərəfdarı olduğu bildirilib.