Bakı.Trend:
Fransada anomal istilər və quraqlıq bir sıra pendirlərin dad və rənginin dəyişməsinə səbəb ola bilər.
Bu barədə RTL radiostansiyası məlumat yayıb.
Bildirilib ki, Fransada və onun hüdudlarından kənarda məşhur olan qatı "konte" pendirinin istehsal edildiyi Yura dağ massivində otlaqların quruması səbəbindən fermerlər inəkləri adətən olduğundan daha erkən qış dövrü üçün tədarük edilmiş otla yemləməyə məcbur olublar.
Yerli pendir zavodlarından birinin əməkdaşı Jülyet Merin sözlərinə görə, yem rasionunun dəyişdirilməsi artıq südə təsir edib.
“Süd ağ rəng alıb, halbuki adətən daha çox sarımtıl rəngdə olur. Nəticədə pendirin içi qışda olduğu kimi daha ağ olacaq. Dadı da fərqlənir, qışda hazırlanan "konte" ilə yayda hazırlanan "konte"ni müqayisə etmək olmaz”, – radiostansiya onun sözlərini sitat gətirib.
BFMTV telekanalının qeyd etdiyi kimi, Fransanın ayrı-ayrı bölgələrində quraqlıq səbəbindən yem bitkilərinin məhsuldarlığı adi göstəricidən 40-50 faiz aşağı düşüb. Bununla əlaqədar hakimiyyət orqanları qorunan mənşə adlandırılmasına malik bir sıra fransız pendirlərinin istehsalına dair tələbləri müvəqqəti olaraq yumşaltmağa məcbur olublar.