Bakı.Trend:
İnanıram ki, Azərbaycanın rolu və uğurları COP31-in uğurları üçün də bir model olaraq götürüləcək.
Trend-in tədbirdəki müxbiri xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin İqlim Diplomatiyası İdarəsinin rəisi Elçin Allahverdiyev BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi çərçivəsində keçirilən “Bakıdan COP31-ə: Parçalanmış dinamikanı qoruyub saxlamaq” adlı panel müzakirəsi zamanı çıxışında deyib.
O qeyd edib ki, Azərbaycan beynəlxalq birliyin məsuliyyətli bir üzvü kimi öz üzərinə vəzifəni çox uğurla yerinə yetirir.
“Biz, ilk növbədə, gündəliyimizdə şəffaflığı birinci sıraya qoyduq və şəffaflıq hesabatlarını vaxtından əvvəl təqdim etdik. Bu da digər ölkələri həvəsləndirməyə və ayın sonuna qədər 100-dən çox hesabatın təqdim olunmasına kömək etdi. Eyni zamanda digər tərəflər arasında etimad yaratdı və onları da öz hesabatlarını təqdim etməyə inandırmağa dəstək oldu.
Uğurlu beynəlxalq əlaqələrə, beynəlxalq və regional siyasətdə nailiyyətə sahib olmaq üçün əvvəlcə öz daxili öhdəliklərinizi icra etməlisiniz. Biz şəffaflıq hesabatlarının ikinci mərhələsinə hazırlaşırıq, COP30 və COP31 rəyasət heyətləri ilə işləyirik və digər tərəfləri bu prosesə töhfə verməyə təşviq edirik”,- deyə o əlavə edib.
Qeyd edək ki, 11 sentyabradək Bakıda Azərbaycan Respublikasının ev sahibliyi və Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin təşkilatçılığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Dördüncü İqlim Həftəsi (CW4) keçirilir.
İqlim gündəliyində mühüm beynəlxalq platformaya çevrilən Bakı bu tədbirlər çərçivəsində iqlim qərarlarının praktiki icrası, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və COP31 ərəfəsində qlobal iqlim fəaliyyətinin daha da gücləndirilməsi ilə bağlı müzakirələrə ev sahibliyi edir.
Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələrinin iştirakı gözlənilir.
Bakı İqlim Həftəsi iqlim dəyişmələri ilə mübarizə, enerji keçidi, bərpaolunan enerji, davamlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi məsələləri ətrafında müzakirələr üçün beynəlxalq platforma kimi nəzərdə tutulub.
Tədbirlərin keçirilməsi Bakının qlobal iqlim gündəliyində fəal rolunu daha da möhkəmləndirməklə yanaşı, COP31 ərəfəsində beynəlxalq iqlim əməkdaşlığının gücləndirilməsinə mühüm töhfə verəcək.