Bakı. Trend:
Rusiyanın Yakutiya bölgəsində ümumi sahəsi 402 min hektardan çox olan doqquz meşə yanğınının söndürülməsi istiqamətində işlər aparılır.
TASS-ın yaydığı məlumata görə, bu barədə regional operativ qərargahdan bildirilib.
“Yakutiyada ümumi sahəsi 402 240 hektar olan doqquz meşə yanğınının aktiv şəkildə söndürülməsi davam etdirilir. İşlər Verxnevilyuysk, Nyurba, Mirnı və Xangalas rayonlarında aparılır. Yanğınsöndürmə işlərinə 735 nəfər və 59 texnika cəlb olunub”, - məlumatda deyilir.
Operativ qərargahdan bildirilib ki, Xangalas və Mirnı rayonlarında ümumi sahəsi 18 851 hektar olan dörd yanğın lokallaşdırılıb. Son sutka ərzində Nyurba rayonunda bir yanğın ocağı aşkarlanıb. Operativ məlumatlara əsasən, onun günün sonunadək lokallaşdırılması planlaşdırılır.
Yakutiyada fövqəladə vəziyyət rejimi qüvvədə qalır. Mirnı, Nyurba və Kobya rayonlarında bələdiyyə xarakterli fövqəladə vəziyyət rejimləri qüvvədə qalmaqda davam edir.