Bakı.Trend:
Cəmiyyətin əsas aparıcı sahələrindən biri də səhiyyədir. Bu sahədə çalışan tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması üçün görülən işlər təqdirəlayiqdir.
Bu barədə Trend-ə açıqlamasında Bakı Baş Səhiyyə Mərkəzinin böyük tibb bacısı Mələk Mikayıllı deyib.
O qeyd edib ki, həkimlərin, tibb bacılarının, həm də digər tibb işçilərinin əməyinin qiymətləndirilməsi alqışa layiqdir.
“Bizim əməyimizi qiymətləndirdiyi üçün Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevaya minnatdarlığımı bildirirəm”, - deyə o bildirib.
Qeyd edək ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, əməyin yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə TƏBİB sistemində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Prezident İlham Əliyev təşəbbüsü müsbət qarşılayaraq onun icrası ilə bağlı müvafiq tapşırıq verib.
Əməkhaqqı islahatına uyğun olaraq yeni qaydalar 2026-cı il sentyabrın 1-dən tətbiq olunacaq və TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək.
Onlardan 15 804 nəfər və ya 21,9 faizi həkim, 36 041 nəfər və ya 49,9 faizi orta tibb heyəti, 20 367 nəfər və ya 28,2 faizi isə kiçik tibb heyətidir.
Yeni qərara əsasən, tibb işçilərinin ümumi əməkhaqqı artımı 135 faizə qədər təşkil edəcək.
Əməkhaqqı artımlarının maliyyələşdirilməsi məqsədilə əməkhaqqı fonduna 189 milyon manat əlavə vəsait ayrılacaq.