Bakı.Trend:
Ermənistandan Azərbaycana ixrac olunan məhsullarda əsas potensial istiqamətlərdən biri ərzaq və kənd təsərrüfatı məhsullarıdır.
Bu barədə Trend-ə açıqlamasında iqtisadçı Eldəniz Əmirov bildirib.
O qeyd edib ki, Ermənistan xarici bazarlara şokolad və qənnadı məhsulları, konservlər, meyvə şirələri, mineral sular, şərab və digər içkilər, həmçinin təzə və qurudulmuş meyvə-tərəvəz ixrac edir.
“Bundan əlavə, Ermənistanın sənaye sahəsində də müəyyən ixrac potensialı mövcuddur. Kimya məhsulları, plastik və rezin məmulatları, metal məhsulları, metallurgiya məhsulları və digər sənaye malları gələcəkdə Azərbaycan bazarına çıxarıla biləcək məhsullar sırasında yer ala bilər".
Ekspertin fikrincə, konkret olaraq hansı məhsulların Azərbaycana idxal olunacağını isə qiymət, keyfiyyət, bazarda tələbat, logistika imkanları və yerli istehsalçılarla rəqabət müəyyən edəcək.
Məsələ ilə bağlı iqtisadçı ekspert Xalid Kərimli Trend-ə açıqlamasında bildirib ki, Ermənistandan Azərbaycana ixrac ediləcək məhsulların əsas istiqamətlərini sahibkarların qərarları müəyyən edəcək.
“Sahibkarlar hansı məhsulun hansı mənbədən gətirilməsinin daha sərfəli olduğunu iqtisadi hesablamalar əsasında qiymətləndirirlər. İlkin mərhələdə yeyinti məhsullarının gətiriləcəyini düşünmürəm. Daha çox sənayedə istifadə olunan xammal materialları və kimya sənayesi məhsullarının idxalı ehtimal olunur. Lakin gələcəkdə ixrac olunan məhsulların siyahısına yeyinti məhsulları da daxil edilə bilər”, – deyə Xalid Kazımov qeyd edib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan daha əvvəl keçirdiyi brifinqdə Azərbaycana ilk ixrac əməliyyatının həyata keçirildiyini açıqlamışdı.
Azərbaycandan Ermənistana məhsul ixracı da davam edir. Sentyabrın 3-də 17 çən vaqondan ibarət, ümumi çəkisi 989 ton olan dizel yanacağı Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə yola salınıb. Ümumilikdə indiyədək Azərbaycandan Ermənistana 15 min tona yaxın dizel yanacağı, eləcə də 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
İki ölkə arasında ticarət və tranzit əlaqələrinin bərpası çərçivəsində Rusiyadan Ermənistana Azərbaycan ərazisindən tranzit keçməklə müxtəlif yüklərin daşınması da həyata keçirilir. Bu marşrutla indiyədək 55 min tondan çox taxıl, 9 min tona yaxın gübrə, 1414 ton propan, 133 ton alüminium, 1114 ton kömür və 334 ton taxta materialı daşınıb.
