Bakı. Trend:
Azərbaycanda idxal olunan ərzaq məhsullarının qiymət dinamikası ölkədə ərzaq inflyasiyasının formalaşması barədə təxminən iki ay əvvəl siqnal verə bilər.
Bu nəticə Azərbaycan Mərkəzi Bankının (AMB) əməkdaşları Təmkin Nuriyev, Aygün Qarayevə və Gülzar Tahirovanın hazırladığı “Azərbaycanda idxal olunan ərzaq qiymətləri indeksinin qurulması və proqnozlaşdırılması” adlı tədqiqatda əksini tapıb.
Tədqiqat çərçivəsində Azərbaycanda idxal olunan ərzaq məhsullarının qiymət dəyişmələrini daha dəqiq izləmək üçün İdxal Ərzaq Qiymətləri İndeksi (IFPI) hazırlanıb. İndeks 2018-ci ilin yanvarından 2026-cı ilin fevralınadək olan dövrü əhatə edən təxminən 800 min gömrük əməliyyatı məlumatı əsasında formalaşdırılıb. Bu məlumatlar ümumilikdə təxminən 16 milyon xam idxal əməliyyatından seçilib.
Yeni indeks istehlak səbətinin strukturu nəzərə alınmaqla hazırlanıb və yüksək idxal asılılığı olan ərzaq məhsullarını əhatə edən 34 əsas məhsul kateqoriyasından, 44 məhsul növündən ibarətdir. Tədqiqat müəlliflərinin fikrincə, bu yanaşma geniş məhsul qrupları üzrə hesablanan ənənəvi idxal qiymət göstəricilərində yarana bilən aqreqasiya problemini azaltmağa və xarici qiymət dəyişmələrinin daxili ərzaq qiymətlərinə təsirini daha dəqiq ölçməyə imkan verir.
Tədqiqatın əsas nəticələrindən biri IFPI ilə rəsmi ərzaq istehlak qiymətləri indeksi (CPI) arasında əlaqənin zaman baxımından qabaqlayıcı xarakter daşımasıdır. Hesablamalara görə, iki göstərici arasındakı korrelyasiya əmsalı iki aylıq gecikmədə 0,81-ə çatır. Bu, idxal ərzaq qiymətlərindəki dəyişikliklərin ölkədə ərzaq qiymətlərinin sonrakı dinamikası barədə əvvəlcədən siqnal verə bildiyini göstərir.
"Bu göstəricinin digər mühüm üstünlüyü məlumatların əldə olunma vaxtı ilə bağlıdır. Gömrük məlumatları istinad ayından orta hesabla 20–25 gün sonra əlçatan olur. Dövlət Statistika Komitəsinin ərzaq üzrə CPI məlumatları isə adətən ay başa çatdıqdan 10–15 gün sonra açıqlanır. Nəticədə, müəyyən ay üzrə IFPI hazır olduqdan sonra həmin göstərici iki ay sonrakı rəsmi ərzaq CPI göstəricisinin açıqlanmasına nisbətən təxminən 6–7 həftəlik informasiya üstünlüyü yarada bilər", - məlumatda qeyd edilib.
Tədqiqatda həmçinin idxal ərzaq qiymətlərinin proqnozlaşdırılması üçün maşın öyrənməsi modellərinə əsaslanan yanaşma hazırlanıb. Müəlliflər bu yanaşmanı ənənəvi xətti modellərlə müqayisə edərək daha yüksək proqnozlaşdırma nəticələri əldə edildiyini bildirirlər.
Araşdırmaya görə, idxal ərzaq qiymətlərinin dinamikasına qlobal ərzaq, enerji və gübrə qiymətlərindəki dəyişikliklər də əhəmiyyətli təsir göstərir. IFPI ilə FAO-nun qlobal ərzaq qiymətləri indeksi arasında korrelyasiya 0,70, gübrə qiymətləri ilə 0,66, təbii qaz qiymətləri ilə isə 0,62 təşkil edib.
Müəlliflər qeyd edirlər ki, Azərbaycanda ərzaq məhsulları istehlak səbətinin təxminən 43 faizini təşkil edir. Bu səbəbdən idxal qiymətlərində xarici şokların daha dəqiq və vaxtında izlənilməsi ərzaq inflyasiyasının, eləcə də ümumi inflyasiya proseslərinin proqnozlaşdırılması baxımından əhəmiyyət daşıyır.
Tədqiqatda hazırlanmış indeks və onun proqnozlarının AMB-də ərzaq inflyasiyasının daha detallı proqnozlaşdırılması modellərinə inteqrasiya oluna biləcəyi qeyd olunur. Bu yanaşmanın ərzaq qiymətlərinin dinamikasının daha erkən müəyyənləşdirilməsinə və ümumi inflyasiya proqnozlarının dəqiqliyinin artırılmasına töhfə verə biləcəyi bildirilir.
Araşdırma müəlliflərinin qənaətinə görə, yüksək idxal asılılığı olan iqtisadiyyatlarda beynəlxalq qiymət göstəricilərinin izlənilməsi ilə yanaşı, xarici qiymət şoklarının konkret məhsullar və istehlak səbəti vasitəsilə daxili qiymətlərə necə ötürüldüyünü əks etdirən daha detallı göstəricilərin hazırlanması vacibdir.